Noyabrın 8-də Günəşdə M sinfinə aid iki güclü partlayış qeydə alınıb.
Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, ilk partlayış Bakı vaxtı ilə saat 19:37-də Günəşin 4566 nömrəli ləkələr qrupunda qeydə alınıb. M1.2 gücündə olan partlayış 25 dəqiqə davam edib.
İkinci partlayış isə Bakı vaxtı ilə saat 22:27-də eyni ləkələr qrupunda baş verib. M1.1 gücündə olan bu hadisənin davametmə müddəti 20 dəqiqə olub.
Bundan əvvəl Günəşdə M1.7 gücündə partlayışın qeydə alındığı bildirilmişdi.
Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X olmaqla beş sinfə bölünür. Hər növbəti sinifdə şüalanmanın gücü 10 dəfə artır.
Belə partlayışlar zamanı Günəş plazmasının kosmosa atılması mümkündür. Plazma buludları Yerə çatdıqda geomaqnit qasırğalarına səbəb ola bilər.