Bakı, 8 noyabr, AZƏRTAC Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətini Xankəndidə, ikinci Zəfər tağının önündə səsləndirməsi dərin siyasi və rəmzi məna daşıyır. Vaxtilə silahlı separatçı idarəetmənin mərkəzi olmuş şəhərdən xalqa müraciət edilməsi Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin və suverenliyinin tam bərpasının əyani ifadəsidir. Bu məkan seçimi müraciətin əsas mesajını daha da gücləndirir: 2020-ci il Qələbəsi və 2023-cü ildə suverenliyin tam bərpası eyni strateji məqsədə xidmət edən, ardıcıl və bir-birini tamamlayan mərhələlərdir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.Onun sözlərinə görə, Şuşanın azad edilməsi müraciətin hərbi-siyasi məzmununda xüsusi yer tutur. Şəhərin strateji mövqeyi və xalqımızın milli yaddaşındakı müstəsna əhəmiyyəti bu hadisəyə hərbi, siyasi və mənəvi dəyər qazandırır. Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında əldə olunan üstünlük digər ərazilərin əlavə döyüşlər aparılmadan qaytarılmasını təmin edən strateji nəticəyə çevrildi. Bununla yeni insan itkilərinin qarşısı alındı, hərbi uğur siyasi müstəvidə möhkəmləndirildi. Prezidentin fərariliklə bağlı müqayisəsi də ordunun mənəvi dayanıqlığı baxımından diqqətəlayiqdir. Dövlət başçısının Ermənistan rəhbərliyinin etirafına istinadla qarşı tərəfin ordusunda 12 minə yaxın fərarinin olduğunu bildirməsi Azərbaycan əsgərinin döyüş əzmini, xalqımızın Vətən müharibəsinin haqq işinə inamını ön plana çıxarır. Qələbə illərlə formalaşdırılmış dövlət potensialının, strateji rəhbərliyin, ordunun peşəkarlığının və xalqın mənəvi birliyinin birgə nəticəsidir.“Müraciətin mühüm mənəvi xəttini Qələbə sevincinin şəhidlərin xatirəsinə ehtiramla vəhdətdə təqdim olunması təşkil edir. Zəfər tağına aparan pillələrdə müharibənin hər gününün əks olunması həm şanlı döyüş yolumuzu, həm də bu yolda verdiyimiz qurbanları xatırladır. Beləliklə, abidə Qələbənin əzəmətini və onun uğrunda canından keçən insanların fədakarlığını birlikdə yaşadır. Bu yanaşma gələcək nəsillərə azadlığın və suverenliyin hansı mübarizə bahasına əldə edildiyini çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır”, - deyə deputat əlavə edib.Keçmiş separatçı idarəetmənin yerləşdiyi binanın Zəfər Muzeyinə çevrilməsinin güclü rəmzi məna daşıdığını deyən R.Nəbiyev qeyd edib ki, Prezidentin həmin bina ilə bağlı işlətdiyi “şeytan ruhu” ifadəsi orada hökm sürmüş təcavüzkar siyasətə münasibətini göstərir. İndi həmin məkan gələcək nəsillərə işğalın nəticələrini, xalqımızın mübarizəsini və suverenliyin bərpasını sənədlər və tarixi faktlarla çatdıracaq yaddaş məkanına çevrilir. Dövlət başçısının həmin binada fəaliyyət göstərmiş şəxslərin cəzalandırılmasını xatırlatmasının əsas siyasi mesajı isə aydındır: xarici himayəyə arxalanmaq törədilmiş əməllərə görə məsuliyyətdən yayınmağa və daimi toxunulmazlıq əldə etməyə təminat vermir. Qələbənin yaratdığı təhlükəsizlik imkanlarını qorumaq ardıcıl inkişaf tələb edir “Müraciətdə azərbaycançılığın bütün vətəndaşlarımızı birləşdirən məfkurə kimi təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycançılıq etnik və dini müxtəlifliyi ortaq Vətən, dövlətçilik və vətəndaşlıq məsuliyyəti ətrafında birləşdirir. Milli birliyimizin möhkəmliyi də bu mənəvi-siyasi təmələ söykənir. Ulu Öndər Heydər Əliyevin azərbaycançılığı müstəqil dövlətçiliyimizin ideoloji əsası kimi möhkəmləndirən irsi ilə bugünkü milli həmrəyliyimiz arasında birbaşa bağlılıq və davamlılıq mövcuddur. Bu həmrəylik azad edilmiş ərazilərdə həyata keçirilən quruculuqda və “Böyük Qayıdış”da da öz ifadəsini tapır. “Böyük Qayıdış”ın mahiyyəti insanların doğma yurdlarında təhlükəsiz, layiqli və davamlı həyat qurmasıdır. Buna görə bərpa prosesinin nəticələri yaşayış evləri ilə yanaşı, yaradılan iş yerləri, məktəblər, səhiyyə müəssisələri, nəqliyyat və kommunal xidmətlər, eləcə də təhlükəsiz yaşayış mühiti ilə qiymətləndirilməlidir”, - deyə o qeyd edib.Deputat diqqətə çatdırıb ki, Böyük Qayıdış humanitar baxımdan yurd həsrətinin sona çatması və insanların həyat imkanlarının bərpasıdır. İqtisadi baxımdan azad edilmiş ərazilərin ölkənin istehsal, məşğulluq və təsərrüfat həyatına qoşulmasıdır. Dövlətçilik baxımından isə suverenliyin fəaliyyət göstərən institutlar, işləyən müəssisələr və canlanan yaşayış məntəqələri vasitəsilə gündəlik həyatda möhkəmlənməsidir. Böyük Qayıdış hərbi-siyasi Qələbənin vətəndaşın həyatında təhlükəsizlik və rifah şəklində gerçəkləşməsidir.“Prezidentin Azərbaycana zərər vermək niyyətinin qarşısını alacaq qədər güclü olmaq çağırışı gələcəyə yönəlmiş çəkindirmə siyasətini ifadə edir. Bu siyasətin mahiyyəti mümkün təcavüzün nəticələrini əvvəlcədən aydın göstərməklə ölkəmizin təhlükəsizliyini qorumaqdır. Belə gücün davamlılığı hərbi imkanların, iqtisadi dayanıqlığın, texnoloji inkişafın, keyfiyyətli təhsilin, səmərəli dövlət institutlarının və fəal diplomatiyanın bir-birini tamamlamasından asılıdır. Qələbənin yaratdığı təhlükəsizlik imkanlarını qorumaq ardıcıl inkişaf tələb edir. Güclü müdafiə qabiliyyəti və sülhün möhkəmləndirilməsi bu baxımdan bir-birini tamamlayan məqsədlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran strateji vəzifə bərpa edilmiş suverenliyi iqtisadi inkişaf, müasir müdafiə imkanları, milli həmrəylik və davamlı quruculuqla daha da möhkəmləndirməkdir”, - deyən R.Nəbiyev fikrini yekunlaşdırıb.