Bakı, 8 noyabr, AZƏRTAC Zəfər Gününün əhəmiyyətini bir neçə baxımdan xüsusi vurğulamaq istərdim. Bu, Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi ilə əldə etdiyi möhtəşəm Qələbə idi. Tarixən zəfərlərimiz, qədim dövrlərdə qazandığımız qələbələr çox olub. İkinci Dünya müharibəsində də qələbənin qazanılmasına Azərbaycan xalqı böyük töhfələr verib. Lakin həmin qələbələrdən fərqli olaraq, bu dəfə Azərbaycan xalqı öz gücü və iradəsi ilə müstəqil şəkildə qələbə qazandı. Torpaqlarımız azad edildi, xalqımızın əzəli arzuları və istəkləri gerçəkləşdi.Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Asif Hacıyev deyib.O bildirib ki, Zəfər Günü gənc nəslin milli qürur və özünəinam ruhunda yetişməsinə mühüm təsir göstərir. “Mən müəllim işlədiyim üçün tələbələrimizdə daxili qürurun, özünəinam və fəxarət hissinin yarandığını müşahidə edirəm. Hesab edirəm ki, bu Qələbənin təsiri yalnız ictimai mühitlə məhdudlaşmayacaq, tələbə mühitində və gənc nəslin yetişməsində də böyük rol oynayacaq. Zəfər Gününü universitetlərdə və orta məktəblərdə bayram kimi daim qeyd etməli, onun mahiyyətini gənclərə aşılamalıyıq. Gənclərimiz məhz bu ruhda, qalib xalqın nümayəndələri kimi tərbiyə olunmalıdırlar”, - deyə Asif Hacıyev diqqətə çatdırıb. Müxbir – Lalə Minasazova