Bakı, 8 noyabr, AZƏRTAC 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa hər müraciəti cəbhədən gələn böyük qələbə xəbərləri ilə yadda qaldı. Cəbrayıl, Füzuli, Zəngilan, Ağdam, Kəlbəcər, Laçın və nəhayət Şuşa azad olundu. Həmin günlərdə Ali Baş Komandanın xalqa çatdırdığı "Tapşırıq yerinə yetirildi!" məruzəsi tariximizin ən şanlı və qürurlu anına çevrildi. Bu müddətdə Qarabağın və Şərqi Zəngəzurun hər qarışında – dağıdılmış şəhərlərdə, kəndlərdə və qəsəbələrdə bərpa işləri həyata keçirildi, müasir infrastruktur yaradıldı və doğma yurdlarına dönən sakinlərin rahat həyatı təmin olundu. Bir sözlə, verilən söz tutuldu, tarixi tapşırıq layiqincə yerinə yetirildi və bu yol bu gün də qətiyyətlə davam edir.