Avropa Komissiyası altı Qərbi Balkan ölkəsini Aİ-nin "evdəki kimi gəzmək" proqramına daxil etmək məqsədilə onlarla danışıqlara başlayıb.
Bu barədə AK-nin mətbuat açıqlamasında bildirilir.
Avropa Komissiyası, sxemin bütün altı ölkəyə şamil edilməsi məqsədilə Albaniya, Bosniya və Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya və Serbiya ilə ikitərəfli danışıqlara başladığını açıqlayıb.
Avropa Komissiyası bildirib ki, müqavilələr bağlandıqdan və tərəfdaşların rouminq qaydaları Aİ qaydalarına tam uyğunlaşdırıldıqdan sonra Komissiya Şuraya Aİ rouminq zonasını müvafiq olaraq genişləndirməyi təklif edəcək.
İyun ayında Aİ ölkələrinin milli hökumətləri Avropa Komissiyasına sözügedən altı ölkənin hamısı ilə danışıqlara başlamaq üçün yaşıl işıq yandırıb.
Mövcud qaydalara əsasən, mobil istifadəçilər iştirakçı ölkələrdə səyahət edərkən maksimum dörd ay ərzində əlavə rouminq haqqı olmadan zəng edə, SMS göndərə və mobil internetdən istifadə edə bilərlər.