Mexiko, 7 noyabr, AZƏRTAC Mexikoda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına son qoyan, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən misilsiz qələbənin rəmzi olan 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub. AZƏRTAC xəbər verir ki, Mexikonun tarixi Reforma prospektində yerləşən Meksika–Azərbaycan Dostluq Parkında təşkil olunan mərasimdə Meksika Hərbi Dəniz Qüvvələrinin simfonik orkestri Azərbaycan və Meksikanın dövlət himnlərini ifa edib. Daha sonra parkda yerləşən Azərbaycan xəritəsi abidəsinin önünə əklil qoyulub.Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev bildirib ki, Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıyan – 8 Noyabr Zəfər Gününü qeyd edirik. Bu əlamətdar gün Azərbaycan tarixində milli qürurun, birliyin, iradənin və Vətənə sonsuz sədaqətin rəmzi kimi əbədi yaşayacaqdır. Azərbaycanın bu tarixi Qələbəsi yalnız hərbi uğur deyil, həm də milli həmrəyliyin, dövlətçilik iradəsinin və xalq-lider birliyinin parlaq təzahürüdür. Bu əlamətdar günü Meksikada qeyd etməyimiz Azərbaycan xalqının tarixi yaddaşını, milli dəyərlərini və Vətənə bağlılığını beynəlxalq ictimaiyyətlə bölüşmək baxımından xüsusi məna daşıyır. Bu gün Azərbaycanın qarşısında duran əsas məqsəd regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsidir. Bayramın Meksikada qeyd olunması Azərbaycanın tarixi Qələbəsinin beynəlxalq səviyyədə tanıdılması və iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından da böyqk əhəmiyyət daşıyır.Mərasimdə Azərbaycanın Meksikadakı səfirliyinin əməkdaşları, diaspor nümayəndələri və Meksika ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.