Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən altı il ötür. Ölkəmizdə 8 Noyabr - Zəfər Günü qeyd olunur.

Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

Döyüşlərdə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri, eləcə də bir sıra yaşayış məntəqələri və strateji yüksəkliklər nəzarətə götürülüb. Xüsusilə Şuşanın azad edilməsi müharibənin gedişində həlledici əhəmiyyət daşıyıb.

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırılıb. Sənədə əsasən, Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarıb.

Zəfər Günü Azərbaycan xalqının birliyini, ordumuzun qəhrəmanlığını və tarixi Qələbəsini təcəssüm etdirir.

Zəfərin mübarək, Azərbaycan!