Bakı, 7 noyabr, AZƏRTAC8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığının, milli birliyinin və sarsılmaz iradəsinin təntənəsidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə dövlətçilik tariximizdə yeni bir mərhələnin əsasını qoydu. Bu Zəfər yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də ölkəmizin gələcək inkişafı, elmi potensialının gücləndirilməsi və innovativ tərəqqisi üçün yeni imkanlar yaratdı. Qələbəmiz xalqımızın milli ruhunu, özünəinamını və gələcəyə inamını daha da gücləndirdi.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Elm Fondunun icraçı direktoru riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova bildirib.O qeyd edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri müasir elmin, innovativ texnologiyaların və intellektual potensialın cəmiyyətin inkişafındakı rolunu bir daha nümayiş etdirir: “Azad edilmiş ərazilərdə müasir infrastrukturun qurulması, ekoloji tarazlığın qorunması, təbii sərvətlərin səmərəli idarə olunması və dayanıqlı yaşayış mühitinin yaradılması elmi yanaşmaların tətbiqini zəruri edir. Hesab edirəm ki, Zəfərdən sonrakı dövrdə alimlərimizin qarşısında mühüm vəzifələr dayanır. Bu, yalnız əldə edilmiş elmi nəticələri artırmaq deyil, həm də həmin nəticələri ölkənin sosial-iqtisadi inkişafına, dövlətimizin strateji hədəflərinə və cəmiyyətin rifahına yönəltməkdir. Xüsusilə gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsi, onların təşəbbüslərinin dəstəklənməsi və beynəlxalq elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Elm Fondu olaraq ölkəmizdə elmi tədqiqatların dəstəklənməsini, gənc alimlərin potensialının inkişaf etdirilməsini və innovativ təşəbbüslərin təşviqini fəaliyyətimizin əsas istiqamətlərindən hesab edirik. Elmi layihələrin maliyyələşdirilməsi, fundamental və tətbiqi tədqiqatların stimullaşdırılması, yeni elmi ideyaların reallaşdırılması Azərbaycanın bilik iqtisadiyyatına keçidinə mühüm töhfə verir”. M.İmanova vurğulayıbki, elm və Zəfər anlayışları arasında mühüm mənəvi və strateji bağlılıq mövcuddur. Vətən uğrunda qazanılan Qələbənin qorunması və möhkəmləndirilməsi, ilk növbədə, güclü dövlət, inkişaf etmiş iqtisadiyyat, müasir texnologiyalar və yüksək intellektual potensial tələb edir. Bu baxımdan, elmin inkişafı milli təhlükəsizliyimizin, iqtisadi müstəqilliyimizin və davamlı tərəqqimizin mühüm amillərindən biridir. “Əminəm ki, Azərbaycan alimlərinin yeni elmi nailiyyətləri, gənc nəslin araşdırmalara marağının artması və innovativ ideyaların praktikada tətbiqi ölkəmizin beynəlxalq elmi məkandakı mövqeyini daha da gücləndirəcək. Bizim əsas məqsədimiz tarixi Zəfərimizin yaratdığı imkanları elmi nailiyyətlərə, intellektual uğurlara və ölkəmizin davamlı inkişafına çevirməkdir”, - deyə o əlavə edib.