Fəxriyyə Lilpar: “Televiziya mənim alın yazımdır”

“Aparıcı telekanalın vizit kartı, estetik meyarıdır”.

“Televiziya mənim alın yazım, taleyim, məsuliyyətim, mənəvi qidam, yaşam stimulumdur. Düşünürəm ki, hər bir proqramın, verilişin ekran təcəssümü aparıcının simasındadır. Aparıcı telekanalın vizit kartı, estetik meyarıdır. Artıq 20 ildən çoxdur ki, müxtəlif səpgili verilişlərin aparıcısıyam. Lakin “Xəzərin sahilindən…” verilişində salamladığım qonaq və tamaşaçılar mənim üçün daha özəldir. Sanki biz eyni dildə danışıb, eyni pəncərədən baxırıq. Bu, yaradıcı insan üçün çox vacibdir.

Bu il mən Azərbaycan Radiosunun 100, Televiziyanın isə 70 illiyi ilə əlaqədar “Xəzərin sahilindən…” verilişinin kitab versiyası ilə həm də oxucuların görüşünə gəldim. Bu kitabda QR kod texnologiyasından istifadə olunması müasir tələblərə uyğun vizual həll olaraq rəqəmsal media ilə mətbuatın vəhdətini təşkil etdi. Gələcəkdə də daha gözəl layihələr həyata keçirməyi arzulayıram. Bütün həmkarlarımı təbrik edir, onlara yaradıcılıq uğurları arzu edirəm”.