2027-ci ildə cəmi güzəşt və azadolmaların məbləği 7.6 mlrd. manata və ya proqnozlaşdırılan ÜDM-in 5.4 faizinə çatması gözlənilir.
Bunu Maliyyə Nazirliyi Aparat rəhbərinin müavini Asif Qasımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Asif Qasımov qeyd edib ki, 2026-cı ilin sonuna gözlənilən azadolmaların məbləği ilə müqayisədə bu 630 milyon manat və ya 0.4 faiz bəndi çoxdur: “Müqayisə üçün Gürcüstanda güzəştlər ÜDM-in 4.6%-i, Türkiyədə 4.5%-i, OECD ölkələrində 4.7%-i həcmindədir. Büdcə gəlirlərini təmin edən orqanlar üzrə dekompozisiya apardıqda, vergi daxilolmaları üzrə 4.2 mlrd. manat və ya cari illə müqayisədə 9% çox, idxal əməliyyatları üzrə 3.4 mlrd. manat və ya cari illə müqayisədə 11% çox güzəşt və azadolma vardır. İqtisadi sektorlar üzrə bölgüyə gəldikdə, neft sektoru üzrə 436.0 mln. manat, qeyri-neft sektoru üzrə 7.1 mlrd.manat təşkil edir. Hər 2 komponentdə cari illə müqayisədə 9% artım gözlənilir. Nəhayət 7.6 mlrd. manatın 4.4 mlrd. manatı “güzəşt”, 3.2 mlrd. manatı “azadolma” meyarına uyğun gəlir”.