“ABŞ Prezidenti Donald Trampın İsrailə maliyyə yardımını davam etdirməkdən imtina etməsi gözlənilməz oldu”.
Bunu İsrail Prezidenti İsxaq Hersoq CNN-ə açıqlamasında deyib.
“Amerikanın yardımı məsələsi məni çox narahat edir, qərar mənim üçün tamamilə gözlənilməz oldu. ABŞ ilə 2028-ci ilə qədər qüvvədə olmalı olan anlaşma memorandumumuz var, bu, əsas hədəflərimizdən biridir”, - o bildirib.
İsrail Prezidenti bu məsələni sabiq Baş Qərargah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yaşar” partiyasının nümayəndələri ilə görüşündə gündəmə gətirib. Qadi Ayzenkot İsrail Baş naziri Benyamin Netanyahunun əsas rəqiblərindən biridir.
Hersoq həmçinin qeyd edib ki, təkrar seçkilərin keçirilməsi əvəzinə yeni hökumət formalaşdırılmalıdır.
Xatırladaq ki, Donald Tramp bundan əvvəl Vaşinqtonun 2026-cı ilin sonunadək İsrailə maliyyə yardımını və dəstəyini dayandıracağını bəyan edib. ABŞ liderinin sözlərinə görə, o, Benyamin Netanyahu ilə illərdir bu yardımın dayandırılması məsələsini müzakirə edib və bu ideyanı məhz İsrail hökumətinin başçısı irəli sürüb.