Məqsədli büdcə fondlarının vəsaitlərinin idarə edilməsindəki çətinliklər açıqlandı

Məqsədli büdcə fondları üzrə mövcud təcrübənin təhlili göstərir ki, bəzi fondlar üzrə vəsaitlərin dövlət büdcəsi ilə paralel şəkildə idarə olunması fiskal planlaşdırma, resurs bölgüsü, xəzinə icrası, hesabatlılıq və maliyyə nəzarəti baxımından əlavə çətinliklər yaradır.

Bu barədə Maliyyə Nazirliyi Aparat rəhbərinin müavini Asif Qasımov Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O qeyd edib ki, xüsusilə infrastruktur və investisiya xarakterli tədbirlərin maliyyələşdirilməsinə xidmət edən bəzi fondların ümumi büdcə çərçivəsindən kənar idarə olunması büdcə və dövlət maliyyəsinin vahidlik və tamlıq prinsiplərinin tətbiqini məhdudlaşdırır.

“Məlum olduğu kimi, ölkə Prezidentinin imzaladığı fərmanla məqsədli büdcə fondları ləğv olunub və bu paketə daxil olan dəyişikliklər əsasən həmin qərara uyğunlaşdırma xarakteri daşıyır. Büdcə sistemi haqqında qanunvericilikdəki dəyişikliklər əsasən aşağıdakı məsələləri əhatə edir:

Dövlət büdcəsində nəzərdə tutulan ehtiyat fondlarının vəsaitlərinin həcminin artırılması;

Vergi gömrük güzəştləri və azadolmaları ilə bağlı məlumatların büdcə prosesində nəzərə alınmasının hüquqi əsasının yaradılması;

Büdcədənkənar gəlirlərin təşkilatlara büdcə layihəsinə münasibətdə daha erkən təqdim edilməsinin təmin olunması;

Vahid xəzinə hesabının qalığından dövlət borcunun əsas məbləğinin qaytarılması məqsədilə istifadə imkanının yaradılması.

Bu dəyişikliklərin qəbul edilməsi büdcə planlaşdırılması və icrası prosesində çevikliyin artırılmasına, maliyyə resurslarının daha səmərəli idarə olunmasına və dövlət maliyyəsinin idarə edilməsində hüquqi müəyyənliyin gücləndirilməsinə xidmət edəcək”.