Dərmanları Tarif Şurasının qiymətindən ucuz satanlara yeni vergi qaydası tətbiq oluna bilər

Azərbaycanda dərman vasitələrinin Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərin yuxarı həddindən aşağı satılması zamanı vergitutma məqsədləri üçün bazar qiymətinin hesablanması qaydasının dəyişdirilməsi təklif olunur. Bununla bağlı Vergi Məcəlləsinin 14.10-cu maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Dəyişikliyin əsas məqsədi dərmanların Tarif Şurasının müəyyən etdiyi qiymətdən daha ucuz satıldığı hallarda vergitutma zamanı faktiki bazar qiymətinin nəzərə alınmasını təmin etməkdir.

Təklifin əsaslandırılmasında bildirilir ki, “Dərman vasitələri haqqında” qanuna 2023-cü il avqustun 15-dən qüvvəyə minən dəyişikliklərlə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin yuxarı həddi müəyyən edilib. Tarif (qiymət) Şurasının 2023-cü il sentyabrın 15-də qəbul etdiyi qərarla təsdiqlənən topdansatış və pərakəndə satış qiymətləri də yuxarı hədd kimi müəyyənləşdirilib. Bu isə dərmanların həmin qiymətlərdən aşağı satılmasına imkan verir.

Əvvəlki qaydalara əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənmədən və ya müəyyən edilmiş qiymətlərdən yuxarı satılması qadağan idi.

Hazırda Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən, Tarif (qiymət) Şurası tərəfindən qiymətləri tənzimlənən mallar təqdim edilərkən və alınarkən vergitutma məqsədləri üçün bazar qiyməti tətbiq olunduqda Şuranın müəyyən etdiyi qiymətlər əsas götürülür.

Təklifdə qeyd olunur ki, dərman vasitələri Şuranın müəyyən etdiyi yuxarı həddən aşağı qiymətə satıldıqda bazar qiyməti Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla müəyyən edilməlidir. Bu səbəbdən 14.10-cu maddənin təkmilləşdirilməsi zəruri hesab olunur.