Otel və sanatoriyaların vergi güzəştləri ilə bağlı dəyişiklik

Azərbaycanda regionlarda fəaliyyət göstərən mehmanxana və sanatoriyalar üçün əmlak vergisi güzəştinin müddətinin uzadılması təklif olunur.

Bununla bağlı Vergi Məcəlləsinin 199.21-ci maddəsinə dəyişiklik nəzərdə tutulur.

Mövcud qanunvericiliyə əsasən, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında mehmanxana və sanatoriya fəaliyyəti üçün istifadə edilən daşınmaz əmlaka görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən üç il müddətinə 75 faiz azaldılıb.

Yeni layihəyə əsasən, həmin güzəştin müddəti üç ildən altı ilə artırılır.

Beləliklə, təklif qəbul olunarsa, müvafiq ərazilərdəki otel və sanatoriyalar 2029-cu ilin sonunadək əmlak vergisini 75 faiz güzəştlə ödəmək imkanı əldə edəcəklər.

Güzəşt sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövrdə istifadə edilməyən daşınmaz əmlaka şamil olunmur.