Türkiyədə sabiq xanım nazirlə bağlı həbs qərarı

Türkiyənin keçmiş ailə və sosial siyasət naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Fatma Betül Sayan Kaya, fondlarla bağlı istintaq çərçivəsində həbs edilib.

"Haber Türk"e istinadla, o, “cinayətkar təşkilata üzv olmaq” və “Kapital bazarı haqqında” qanunu pozmaqda şübhəli bilinir.

Fondlarla bağlı araşdırma çərçivəsində prokurorluqda ifadəsi alınan sabiq nazir barəsində həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə məhkəməyə göndərilib. Məhkəmə onun həbs edilməsi barədə qərar qəbul edib.

İstintaq çərçivəsində Kaya ilə yanaşı, həyat yoldaşı İlyas Kaya və Türkiyə Kapital Bazarları Şurasının (SPK) sabiq sədri İbrahim Ömer Gönül də yenidən ifadə vermək üçün prokurorluğa çağırılıblar.

Prokurorluq İlyas Kaya və İbrahim Ömer Gönül barəsində imza atmaq öhdəliyi və ölkədən çıxış qadağası şəklində məhkəmə nəzarəti tədbirlərinin tətbiqini tələb edib. Məhkəmə hər iki şəxsin bu şərtlərlə azadlığa buraxılması barədə qərar verib.

Fatma Betül Sayan Kayanın həbs edilməsi tələbi ilə məhkəməyə göndərilməsi barədə sənədin təfərrüatları da məlum olub.

Sənəddə bildirilir ki, Özata Denizcilik San. ve Tic. A.Ş. şirkətinin səhmləri üzrə əməliyyatların təhlili nəticəsində Kapital Bazarları Şurası Kayanın ictimaiyyətə açıqlanmamış və kapital bazarı alətinin qiymətinə, dəyərinə, yaxud investorların qərarlarına təsir göstərə biləcək məlumatlara malik olması ilə bağlı hesabat hazırlayıb.

Araşdırma zamanı Tera Qrupunun şirkət və fondlar vasitəsilə OZATD səhmləri üzrə böyük həcmdə alış əməliyyatları həyata keçirdiyi müəyyən edilib.

İstintaq materiallarında Kayanın Tera Qrupunun rəhbərlərindən Erdin Özel ilə əvvəlki tanışlığının olduğu, səhmlərə investisiya yatırılması prosesində də onunla intensiv əlaqə saxladığı qeyd olunub. Kayanın Tera Qrupunun İdarə Heyətinin sədri Emre Tezmenlə də görüşdüyünü bildirdiyi, həmçinin həmin qrupda investisiya hesabı açmasının əməliyyat məlumatları və ifadələrlə təsdiqləndiyi vurğulanıb.

Sənədə əsasən, OZATD səhmlərinin dəyərində artım 2026-cı ilin aprelində başlayıb. Qiymətin enmə tendensiyası isə fondlarla bağlı ləğvetmə qərarının qəbul edildiyi 17 sentyabr 2026-cı il tarixindən bir gün əvvələ, yəni sentyabrın 16-dək davam edib.

Kayanın OZATD səhmlərini 2026-cı ilin aprelində aldığı və həmin səhmləri sentyabrın 16-da satdığı bildirilib. Bununla belə, səhmlərin adi bazar əməliyyatı yolu ilə deyil, köçürmə vasitəsilə Tera Yatırım Menkul Değerler A.Ş. tərəfindən alındığı və satışdan əldə olunan vəsaitin həmin gün Kayanın hesabına köçürüldüyü müəyyən edilib.

Həbs tələbi ilə bağlı sənəddə səhmlərin normal halda “T+2” hesablaşma rejiminə tabe olduğu, yəni satışdan əldə edilən vəsaitin iki iş günü sonra hesaba köçürüldüyü qeyd olunub. Lakin Kayanın səhmlərinin “T+0” rejimində, köçürmə yolu ilə satıldığı və vəsaitin həmin gün hesabına daxil olduğu bildirilib.

Köçürmənin Tera Yatırım Menkul Değerler A.Ş.-yə həyata keçirildiyi və şirkətin səhmlərin satışından əldə olunan məbləği həmin gün Kayanın hesabına yatırdığı vurğulanıb.

İstintaq sənədində Kayanın Tera Qrupunun rəhbərləri ilə əlaqədə olması, birjaya ilk dəfə investisiya yatırmasına baxmayaraq, sərmayəsinin yüksək məbləğ təşkil etməsi də diqqətə çatdırılıb.

Bu hallar nəzərə alınaraq, Kayanın səhmlərin qiymətindəki dəyişikliklərdən və fondların ləğvi barədə qərarın qəbul ediləcəyindən əvvəlcədən xəbərdar olaraq əməliyyat apardığı qənaətinə gəlindiyi bildirilib.