Maskın şirkətlərinin səhmləri 15 faiz ucuzlaşıb

ABŞ-da keçirilən aralıq seçkilərdə demokratların qələbəsindən sonra milyarder İlon Maskın “Tesla” və “SpaceX” şirkətlərinin səhmlərinin dəyəri iki gün ərzində təxminən 15 faiz azalıb.

Bu barədə “Business Insider” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, investorlar ABŞ Konqresinin Maskın biznes fəaliyyəti üzərində nəzarəti gücləndirəcəyindən ehtiyat edirlər.

Bildirilir ki, Mask seçki kampaniyası zamanı respublikaçıların dəstəklənməsinə böyük məbləğdə vəsait xərcləyib. Lakin demokratların Konqresin hər iki palatasında nəzarəti ələ keçirməsi onun şirkətləri üçün əlavə risklər yaradıb.

İnvestorları narahat edən əsas məsələlərdən biri “Tesla” və “SpaceX” şirkətlərinin mümkün birləşməsidir. Əvvəllər belə bir sövdələşmə ilə bağlı gözləntilər investorların marağını artırsa da, indi demokratların antiinhisar nəzarətini gücləndirə biləcəyi ehtimal olunur.

Bundan başqa, Konqresin Ukraynada “Starlink” peyk rabitə sisteminin fəaliyyətinə məhdudiyyətlər qoyulması barədə məlumatlarla əlaqədar Maskı ifadə verməyə çağıra biləcəyi bildirilir.

“SpaceX”in səhmlərinə təzyiq süni intellekt və məlumat mərkəzləri infrastrukturu ilə əlaqəli şirkətlərin qiymətli kağızlarının kütləvi satışları fonunda da artıb. Cümə axşamı “Nasdaq 100” indeksi 6 faiz geriləyib, “iShares Semiconductor ETF” isə 2020-ci ildən bəri ən pis gündəlik nəticəsinə doğru irəliləyib.

“Business Insider” qeyd edir ki, demokratların Corciya və Texas da daxil olmaqla bir sıra ştatlarda nəzarəti ələ keçirməsi məlumat mərkəzlərinin tikintisi və istismarı ilə bağlı tənzimləmələrin sərtləşdirilməsi ehtimalını artırır. Bu isə “SpaceX”in süni intellekt sahəsindəki planlarına mənfi təsir göstərə bilər.