Xocalı, 5 noyabr, AZƏRTAC İnsan bəzən bir ömür boyu qurduğu evə, böyüdüyü kəndə, uşaqlıq xatirələrinin yaşadığı torpağa qayıtmağı arzulayır. Xocalı rayonunun Seyidbəyli kənd sakini Rafiq Zamanov üçün bu arzu illərlə davam edən həsrətin sonunda gerçəyə çevrilib. Uzun illər sonra doğma kəndinə, vaxtilə atasının köməkliyi ilə tikdiyi evə qayıdan Rafiq burada ailəsi ilə birlikdə yeni həyata başlayıb.Rafiq Zamanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Seyidbəyli kəndində doğulub-böyüyüb, burada məktəbə gedib. Gəncliyi və həyatının mühüm anları bu kəndlə bağlıdır. Lakin məcburi köçkünlük onu doğma yurdundan uzaq salıb.“Kəndimizi tərk edəndən sonra əvvəlcə Yevlaxda, daha sonra Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində məskunlaşdıq. 2025-ci il oktyabrın 24-dək orada yaşadıq”, – deyə R.Zamanov bildirib.Uzun illərin həsrətindən sonra ailəsi ilə birlikdə doğma kəndinə qayıdan Rafiq Zamanov indi öz evində yaşayır. O, təsərrüfat quraraq heyvandarlıqla məşğul olur, həyətyanı sahədə əkin-biçin işləri aparır.Doğma yurda qayıdışın sevincini yaşayan Rafiq Zamanov bu imkanı yaratdığına görə dövlət başçısına və Azərbaycan Ordusuna minnətdarlığını bildirir. Vaxtilə atasının köməyi ilə tikdiyi evdə ailəsi ilə birlikdə yaşamaq, doğma torpağında təsərrüfatını davam etdirmək onun üçün illərlə gözlədiyi arzunun gerçəkləşməsidir.“Mən öz kəndimə, öz evimə qayıtmışam. Buna görə özümü xoşbəxt sayıram. Allah dövlətimizi var eləsin. Evim təmir olunub. Həyətyanı sahədə əkin-biçin eləyirik, təsərrüfatla məşğuluq”,– deyə Rafiq Zamanov vurğulayıb. Müxbir – Tahir Ağaməmmədov