Keniya 23 mindən çox dövlət xidmətini rəqəmsal formata keçirib

Bu barədə Keniyanın dövlət qulluğu, insan kapitalının inkişafı və xüsusi proqramlar naziri Ceffri Kirinya Ruku (Geoffrey Kiringa Ruku) Bakıda keçirilən "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq tədbirdə bildirib.

O deyib ki, ölkə əhali üçün həmin xidmətlərə çıxışı asanlaşdırmaq və bürokratik maneələri azaltmaq məqsədilə bu addımı atıb.

Onun sözlərinə görə, 2024-cü ildə hökumət dövlət xidmətləri sisteminin gənc nəslin ehtiyaclarına uyğunlaşdırılmasının zəruriliyini dərk edib:

"Hökumət sürətlə hərəkət etməli idi. Bütün dövlət xidmətlərinin əhali üçün əlçatanlığını təmin etmək məqsədilə biz məhz bunu etdik. Bunun üçün biz "eCitizen" platforması vasitəsilə 23 mindən çox xidməti rəqəmsal formata keçirdik".

O vurğulayıb ki, rəqəmsallaşma islahatların yeganə istiqaməti deyil.

Rukunun sözlərinə görə, ölkədə həmçinin internetə çıxışı olmayan və ya rəqəmsal xidmətlərdən istifadə edə bilməyən vətəndaşlara "vahid pəncərə" prinsipi ilə işləyən və dövlət xidmətləri göstərən "Huduma" mərkəzləri fəaliyyət göstərir: "Öz modelinə görə onlar bir çox cəhətdən Azərbaycanın "ASAN xidmət" sistemini xatırladır"

O əlavə edib ki, bu cür mərkəzlər o cümlədən ölkənin ucqar rayonlarında fəaliyyət göstərir və vətəndaşlara böyük məsafələr qət etmək məcburiyyətində qalmadan lazımi xidmətləri əldə etməyə imkan verir.