Salyanda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirilib

Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Vətənimizin ərazi bütövlüyü və dövlət suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, həmçinin ətraf mühitin mühafizəsinə və yaşıllıqların artırılmasına töhfə verilməsi məqsədilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yol kənarlarına müxtəlif növ ağac tingləri və dekorativ kol bitkiləri əkilib. Həyata keçirilən yaşıllaşdırma tədbirinin əsas məqsədi ətraf mühitin mühafizəsinə dəstək olmaq, ekoloji tarazlığın qorunmasına töhfə vermək və rayon ərazisində yaşıllıq sahələrini genişləndirməkdir. Qeyd olunub ki, bu cür ekoloji aksiyaların Zəfər Günü ərəfəsində keçirilməsi xüsusi mənəvi və ictimai əhəmiyyət daşıyır. Belə ki, aksiya Azərbaycanın Konstitusiya quruluşunun müdafiəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin qorunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsidir. Salyan rayonunda keçirilən ağacəkmə aksiyası həm Zəfər Gününün mənəvi mahiyyətinə ehtiramın, həm də təbiətin qorunması və gələcək nəsillər üçün daha sağlam ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə verilən töhfənin bariz nümunəsidir.