2027-ci ildə Azərbaycanda müavinət, təqaüd və kompensasiyalara 2,2 milyard manat xərclənəcək.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Büdcə sistemi haqqında” qanuna və digər əlaqəli qanunvericilik aktlarına uyğun olaraq nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il üzrə büdcə layihələri hazırlanıb, həmçinin əhaliyə ödənişlər üçün dövlət büdcəsinin layihəsində nazirliyə nəzərdə tutulan vəsaitlər proqnozlaşdırılıb. Sözügedən layihələr növbəti il üzrə ölkənin iqtisadi və sosial inkişafı, əhalinin sosial rifahının gücləndirilməsi, məşğulluq imkanları, demoqrafik vəziyyət, əmək ehtiyatları və bir sıra əsas makroiqtisadi proqnozlar əsasında tərtib edilib. 2027-ci ilin dövlət büdcəsi layihəsində nazirliyin fəaliyyət istiqamətləri üzrə əhaliyə ödənişlərin, əhali üzrə tibbi sığorta xərclərinin, habelə haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsi üçün 5 milyard 503 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Dövlət büdcəsi layihəsində müavinət, təqaüd və kompensasiyaların ödənilməsi istiqaməti üzrə ümumilikdə 2 milyard 200 milyon manat vəsait proqnozlaşdırılıb”, – deyə o qeyd edib.