Namizəd seçkidən çəkildi, amma qalib gəldi

ABŞ-da səhhətindəki problemlərə görə seçki kampaniyasını dayandıran demokrat namizəd Erik Armstronq buna baxmayaraq, Ayova ştatının Nümayəndələr Palatasına keçirilən seçkilərdə qalib gəlib.

Bu barədə “Iowa Public Radio” məlumat yayıb.

Demokratlar Partiyasından namizəd olan Armstronq 20-ci seçki dairəsində səslərin 55,2 faizini toplayaraq rəqibi Keyt Consu təxminən 900 səs fərqi ilə qabaqlayıb.

Maraqlıdır ki, siyasətçi sentyabrın əvvəlində səhhətindəki problemlərə görə seçki kampaniyasını dayandırdığını açıqlamışdı. O, sosial şəbəkədəki paylaşımında dairəsinin tam gücü ilə fəaliyyət göstərə biləcək nümayəndəyə layiq olduğunu bildirmişdi:

“Hazırda diqqətimi müalicəyə yönəltməliyəm ki, gələcəkdə başqa yollarla icmamıza xidmət etməyə davam edə bilim”.

Ştatın dəmir yolu şirkətində rəhbər vəzifədə çalışmış Armstronqun adı seçki bülletenindən çıxarılmadığı üçün onun namizədliyi səsvermədə qalıb. Nəticədə respublikaçıların dəstəyinə meyilli hesab edilən dairədə demokrat namizəd qələbə qazanıb.

Armstronq “New York Times” qəzetinə açıqlamasında dairəsini yerli qanunverici orqanda təmsil etmək üçün əlindən gələni edəcəyini deyib. O, səhhətindəki problemlərlə mübarizəsinin davam etdiyini də vurğulayıb.

Qeyd edək ki, ABŞ-da aralıq seçkiləri noyabrın 3-də keçirilib.