“Artıq süni intellektlə yazılan mahnılara münasibət də yavaş-yavaş normallaşır”.
Bunu açıqlamasında “Qaya” Dövlət Ansamblının solisti, Əməkdar artist Şölə Səfərəliyeva deyib.
Müğənni süni intellektlə bəstələnən musiqilərə münasibətini belə bildirib:
“Süni intellektlə bəstələnən mahnıların mənfi tərəfi bundadır ki, artıq bəstəkarlara yaxud da musiqiyə həvəsi olanlara tələbat bir az azalır. Müsbət tərəfi isə yeni ideyaların ortaya çıxa bilməsidir. Yəni sən özün nəsə yazırdın, süni intellekt də bəstələdi və sənə yeni ideyalar verdi. Bəlkə sən o melodiyadan bəhrələnib başqa nəsə yazacaqsan.
Məsələn, bu yaxınlara qədər “Suno” proqramı ilə edilən aranjemanların sayı artmışdı. Lakin sonradan “Suno” elə bir qayda qoydu ki, artıq oradan o səsləri bütövlüklə götürüb aranjeman edə bilmirsən. Nəticədə yenidən aranjemançılara geri dönüş oldu. Yəni bir müddət elə oldu ki, münasib qiymətə “Suno” proqramı ilə heç bir alətin köməyi olmadan aranjeman edirdilər. Amma sonradan gördülər alınmır və bununla aranjemançıların bazarı daralır, nəticədə yenidən canlı aranjemanlara üz tutdular.
Şəxsi təcrübəmə gəlincə, elə bu yaxınlarda mənə süni intellektlə yazılan bir mahnı təqdim olundu. Yaxşıdırmı, pisdirmi, deyə bilmərəm, ama oxudum. Yəni artıq süni intellektlə yazılan mahnılara münasibət də yavaş-yavaş normallaşır”.