Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Yaxın Şərqdə gərginlik, İ.Əliyevin G20 sammitinə dəvəti və Avropanın demokratiya sınağı

Moderator.az-ın Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi” rubrikasının növbəti müsahibəsinin qonağı Milli Məclisin deputatı Sevinc Fətəliyevadır.

Deputatla söhbətimizdə Azərbaycanın dəyişən regional və beynəlxalq siyasi şəraitdə qarşılaşdığı çağırışları, ABŞ-İran münasibətlərindəki gərginliyin ölkəmizin təhlükəsizlik maraqlarına mümkün təsirlərini, Prezident İlham Əliyevin G20 Liderlər Sammitinə dəvətinin siyasi əhəmiyyətini və Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini müzakirə etdik.

Həmçinin Avropada müşahidə olunan sosial-siyasi narazılıqlar, insan hüquqları və demokratik prinsiplərin tətbiqində ikili standartlar məsələsinə toxunduq.

Moderator.az həmin müsahibəni təqdim edir:

— Sevinc xanım, ABŞ-İran münasibətlərində hərbi qarşıdurma riski yenidən gündəmdədir. İran ətrafında mümkün eskalasiya Azərbaycanın milli təhlükəsizliyinə, sərhədlərinə və regional maraqlarına hansı təsirləri göstərə bilər? Azərbaycan belə bir ssenariyə qarşı hansı diplomatik və təhlükəsizlik yanaşmasını əsas götürməlidir?

— ABŞ ilə İran arasında hərbi qarşıdurma artıq nəzəri risk deyil, bu ilin reallığıdır. Fevralın 28-də ABŞ və İsrailin İrana zərbələri ilə başlayan müharibə, aprel ayında əldə olunmuş, lakin sonradan pozulmuş atəşkəs və Hörmüz boğazı ətrafındakı böhran göstərdi ki, bu qarşıdurma bütün regionun təhlükəsizliyinə təsir edir. Genişmiqyaslı eskalasiya ehtimalı da tam aradan qalxmayıb.

Azərbaycan üçün məsələ xüsusilə həssasdır. İranla uzun məsafəli dövlət sərhədimiz, iqtisadi və humanitar əlaqələrimiz, Naxçıvanla nəqliyyat bağlantısı da daxil olmaqla mühüm maraqlarımız var. Martın 5-də Naxçıvana edilən PUA hücumları nəticəsində dörd mülki şəxsin yaralanması və sərhəddə yük hərəkətinin müvəqqəti dayandırılması bu risklərin nə qədər real olduğunu göstərdi.

Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması isə qlobal enerji bazarlarına təsir etməklə yanaşı, Xəzər regionundan Avropaya uzanan alternativ enerji və nəqliyyat marşrutlarının strateji əhəmiyyətini daha da artırdı.

Naxçıvan hadisəsi Azərbaycanın xarici siyasətinin də real sınağı oldu. Bakının reaksiyasında iki prinsip aydın görünürdü: qətiyyət və təmkin. Dövlət başçısı ölkəmizin ərazi bütövlüyünə qarşı istənilən təcavüzün cavabsız qalmayacağını bildirdi və hadisənin araşdırılmasını tələb etdi. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın İrana qarşı hər hansı hərbi əməliyyatda iştirak etmədiyini və etməyəcəyini vurğuladı.

Diplomatik təmaslar davam etdi, sərhəddə yük daşımaları bərpa olundu. Məncə, bu, müharibəyə cəlb olunmadan suverenliyi qorumaq modelidir. ABŞ ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, İran isə qonşumuzdur. Bu iki istiqamət bir-birinə qarşı qoyulmamalıdır.

Əsas prinsip aydındır: Azərbaycan ərazisi üçüncü dövlətlərə qarşı istifadə olunmamalı, ölkəmiz münaqişəyə cəlb edilməməli və sərhədlərimizin təhlükəsizliyi təmin olunmalıdır.

Bu, passiv mövqe deyil, milli maraqlara əsaslanan məsuliyyətli xarici siyasətdir.

Müasir təhlükəsizlik anlayışı yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır. Kibertəhdidlər, informasiya təxribatları, kritik infrastrukturun hədəfə alınması və iqtisadi əlaqələrin pozulması da ciddi risklər yaradır.

Buna görə yanaşmamız kompleks olmalıdır: sərhədlərin və hava məkanının mühafizəsi, strateji infrastrukturun təhlükəsizliyi, dövlət qurumları arasında koordinasiya və diplomatik kanalların açıq saxlanılması. Naxçıvanla bağlantı marşrutlarının şaxələndirilməsi, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsi də yalnız iqtisadi deyil, təhlükəsizlik baxımından əhəmiyyət daşıyır.

Eyni zamanda, regional gərginliyin daxili sabitliyə təsir etməsinə, etnik və dini amillərin siyasi təzyiq vasitəsinə çevrilməsinə yol verilməməlidir. Bugünkü şəraitdə Azərbaycanın strategiyası müharibənin iştirakçısı deyil, regional sabitliyin etibarlı tərəfdarı olmaqdır.

— ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevi dekabr ayında Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət etməsi Azərbaycanın beynəlxalq əlaqələrində diqqət çəkən məqamlardan biridir. Azərbaycanın G20 üzvü olmadığı halda dövlət başçımızın sammitə dəvət olunması ölkəmizin beynəlxalq mövqeyi və ABŞ-Azərbaycan münasibətlərinin gələcək inkişafı baxımından nə ifadə edir?

— Prezident İlham Əliyevin 14–15 dekabr 2026-cı il tarixlərində Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunmasını mühüm siyasi hadisə hesab edirəm. G20 dünya iqtisadiyyatının böyük hissəsini birləşdirir və ev sahibi ölkə sammitə üzv olmayan dövlətləri də dəvət edə bilir.

Azərbaycanın Qazaxıstan və Özbəkistanla yanaşı dəvət olunan ölkələr sırasında yer alması Xəzər hövzəsinə və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən nəqliyyat marşrutlarına artan maraq fonunda xüsusi məna daşıyır. Azərbaycan bu əlaqələrin mühüm qovşaqlarından biridir. Belə platformada iştirak üçün təkcə iqtisadiyyatın həcmi deyil, ölkənin strateji mövqeyi və regional əməkdaşlığa töhfəsi də əhəmiyyətlidir.

Azərbaycan artıq yalnız enerji ixracatçısı kimi deyil, Avropa ilə Asiya arasında nəqliyyat və kommunikasiya imkanları yaradan etibarlı tərəfdaş kimi tanınır. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasətin nəticələrindən biridir.

Dəvətin ikinci mühüm tərəfi Azərbaycan–ABŞ münasibətlərindəki keyfiyyət dəyişiklikləridir. 2025-ci il avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyevin, Prezident Donald Trampın və Baş nazir Nikol Paşinyanın iştirakı ilə sülh sazişinin layihəsi paraflandı və regional kommunikasiyaların açılması üçün yeni imkanlar yarandı. 2026-cı il fevralın 10-da Bakıda Prezident İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey Di Vensin imzaladığı Strateji Tərəfdaşlıq Xartiyası isə münasibətlərin yeni mərhələsini rəsmiləşdirdi.

Sənəd enerji təhlükəsizliyi, nəqliyyat, iqtisadi əməkdaşlıq, müdafiə və təhlükəsizlik, terrorizmlə mübarizə, süni intellekt və yeni texnologiyalar kimi istiqamətləri əhatə edir. Yəni artıq söhbət təkcə siyasi bəyanatlardan deyil, əməkdaşlığın daha möhkəm institusional əsaslarından gedir.

Orta Dəhliz, TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) və Xəzər regionunun beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası iki ölkənin maraqlarının kəsişdiyi istiqamətlərdir. Mayami sammitinə dəvət də bu yaxınlaşmanın siyasi göstəricilərindən biridir.

Üçüncü, daha geniş aspekt beynəlxalq sistemin dəyişməsi ilə bağlıdır. Qlobal ticarət marşrutları yenidən formalaşır, enerji və nəqliyyat təhlükəsizliyi daha çox önəm qazanır. Belə şəraitdə ölçüsündən asılı olmayaraq, strateji mövqeyə və müstəqil siyasət yürütmək imkanına malik dövlətlərin rolu artır.

Türk dünyası, İslam dünyası, Avropa və Mərkəzi Asiya ilə geniş əlaqələri Azərbaycanı müxtəlif regionlar arasında mühüm tərəfdaşa çevirir. Əlbəttə, sammitə dəvət avtomatik olaraq yeni razılaşmalar demək deyil. Əsas məsələ bu siyasi diqqətin konkret layihələrə, sərmayələrə və uzunmüddətli əməkdaşlığa çevrilməsidir.

Amma artıq indidən bir nəticə görünür: Azərbaycan regional proseslərin sadəcə iştirakçısı deyil, onların inkişafına təsir göstərən dövlətlərdən biridir.

— Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması perspektivlərini indiki mərhələdə necə qiymətləndirirsiniz?

Ermənistanda davam edən daxili siyasi proseslər, Nikol Paşinyan hökumətinə qarşı müxalif qüvvələrin fəaliyyəti və revanşist ritorika sülh prosesinə hansı təsirləri göstərə bilər?

Sizcə, Ermənistan rəhbərliyi yekun sülh sazişinin imzalanması üçün real siyasi iradə nümayiş etdirirmi, yoxsa prosesin uzadılması müəyyən siyasi hesablamalarla bağlıdır?

— Sülh prosesini qiymətləndirərkən bir fundamental reallığı nəzərə almalıyıq: Cənubi Qafqazda müharibədən sülhə keçidin əsas şərtlərinin formalaşmasında Azərbaycan həlledici rol oynayıb. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunduqdan sonra gündəmdə artıq münaqişənin idarə edilməsi deyil, iki müstəqil dövlət arasında münasibətlərin yeni əsaslarla qurulması dayanır.

2025-ci il avqustun 8-də Vaşinqtonda sazişin paraflanması mühüm irəliləyiş idi. Ancaq paraflanma, imzalanma və ratifikasiya ayrı-ayrı hüquqi mərhələlərdir. Davamlı sülh üçün qarşılıqlı suverenlik və ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması ilə yanaşı, gələcək qarşıdurma risklərinin də aradan qaldırılması vacibdir.

Ermənistan Konstitusiyası məsələsinə Bakının xüsusi əhəmiyyət verməsi məhz bununla bağlıdır. İrəvan hesab edir ki, sazişin mətni bu narahatlıqları aradan qaldırır. Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, Konstitusiyada Qarabağla bağlı keçmiş ərazi iddialarına əsas verə biləcək istinadlar qaldıqca, hüquqi qeyri-müəyyənlik də qalacaq.

Hakim partiyanın yeni Konstitusiya layihəsində həmin istinadın olmayacağını bildirməsi müsbət siqnaldır. Lakin həlledici meyar bəyanat deyil, hüquqi nəticədir.

Bu baxımdan Ermənistanda 7 iyunda keçirilmiş parlament seçkiləri mühüm göstəricidir. «Vətəndaş müqaviləsi» partiyası səslərin təxminən 49,7 faizini toplayaraq 105 mandatdan 64-nü qazandı və parlament çoxluğunu qorudu. Bu nəticə sülh gündəliyini irəli sürən hakim siyasi xəttin seçicilər arasında ciddi dəstəyə malik olduğunu göstərir.

Lakin həmin 64 mandat yeni Konstitusiya layihəsinin referenduma çıxarılması üçün tələb edilən 70 səsə çatmır. Referendumda isə layihənin qəbul olunması üçün səsvermədə iştirak edənlərin yarıdan çoxunun və bütün səsvermə hüququna malik vətəndaşların azı dörddə birinin dəstəyi lazımdır.

Deməli, hökumətin siyasi niyyəti ilə hüquqi nəticə arasında hələ də maneələr var. Müxalifətin bir hissəsi konstitusiya dəyişikliklərinə qarşı çıxır, revanşist ritorika isə cəmiyyətdə gərginliyi artırır.

Siyasi iradə məsələsində obyektiv olmaq vacibdir: Ermənistan rəhbərliyi sülhü prioritet elan edir və müəyyən praktik addımlar atır. Ancaq imzalanma müddəti ilə bağlı fərqli açıqlamalar və konstitusiya məsələsinin açıq qalması suallar doğurur. Biz prosesi vədlərlə deyil, konkret hüquqi və siyasi qərarlarla qiymətləndirməliyik. Daxili siyasi rəqabət sülhün girovuna çevrilməməlidir.

Sülhün davamlılığı insanların gündəlik həyatında yaratdığı nəticələrlə də ölçülür. Müsbət haldır ki, regionda nisbətən sabit mühit formalaşıb: Azərbaycan ərazisindən Ermənistana yüklərin tranziti və iqtisadi təmaslar üçün müəyyən imkanlar yaranıb, Ermənistan tərəfi isə TRIPP infrastrukturunun layihələndirilməsinə dair planlarını açıqlayıb.

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantı və Orta Dəhlizin genişlənməsi regionun iqtisadi xəritəsini dəyişə bilər. Bundan Ermənistan da faydalana bilər. Ancaq sülhün iqtisadi üstünlüklərindən istifadə etmək istəyən tərəf onun hüquqi və siyasi məsuliyyətini də qəbul etməlidir.

Seçim budur: keçmişin iddialarına qayıtmaq, yoxsa regional əməkdaşlıq əsasında yeni inkişaf mərhələsinə keçmək.

— Sevinc xanım, son dövrlər Avropanın bir sıra ölkələrində genişmiqyaslı etiraz aksiyaları, sosial narazılıq və siyasi gərginlik müşahidə olunur. Bu proseslər Avropada dərinləşən sosial-siyasi böhranın hansı səbəblərindən xəbər verir?

Digər ölkələrdə insan hüquqları və demokratik azadlıqlarla bağlı sərt mövqe nümayiş etdirən Avropa institutlarının öz daxilində baş verən hadisələrə münasibətində ikili standartlar nə dərəcədə özünü göstərir və bu yanaşma Avropanın beynəlxalq nüfuzuna necə təsir edir?

— Avropadakı etirazları yalnız ayrı-ayrı sosial narazılıqlar kimi qiymətləndirmək doğru olmazdı. Müxtəlif ölkələrdə bu aksiyaların səbəbləri və miqyası fərqlidir, lakin onların arxasında oxşar problemlər görünür: yaşayış xərclərinin artması, təhsil və sosial xidmətlərlə bağlı narazılıq, gənclərin gələcəyə inamının zəifləməsi.

Fransada sentyabrda məktəblərin vəziyyəti və təhsilin maliyyələşdirilməsi ilə bağlı başlayan şagird etirazları getdikcə genişləndi, digər sosial qrupların tələbləri ilə kəsişdi. Almaniyada da gənclər arasında təhsil, sosial xərclər, yaşayış şəraiti və hərbi xidmətlə bağlı planlar narazılıq doğurur.

Bunları bir mərkəzdən başlayan vahid etiraz dalğası kimi təqdim etmək düzgün olmaz. Amma ortaq sual eynidir: dövlətlər gənc nəslin real ehtiyaclarına nə dərəcədə cavab verir? Əsas problem hökumətlərin vədləri ilə vətəndaşların gündəlik həyatda gördüyü nəticələr arasındakı məsafənin böyüməsidir.

Məsələnin ikinci tərəfi siyasi təmsilçilik və ictimai etimad böhranıdır. İnsanlar iqtisadi çətinliklərin həllini, keyfiyyətli təhsili və sosial ədaləti gözlədikləri halda, siyasi gündəmdə tez-tez ideoloji qarşıdurmalar və hakimiyyət uğrunda mübarizə ön plana çıxır. Nəticədə siyasi institutlara etimad zəifləyir, cəmiyyət qütbləşir və radikal çağırışlar daha çox diqqət qazanır.

Fransada Prezident Emmanuel Makronun sosial-iqtisadi siyasəti və qərarların qəbul edilmə üsulu da uzun müddətdir tənqid obyektidir. Burada prinsipial bir məqam var: demokratik sistemin gücü etirazların olmaması ilə deyil, dövlətin onlara necə reaksiya verməsi ilə ölçülür. Asayişi təmin etmək zəruridir, amma təkcə inzibati və təhlükəsizlik tədbirləri sosial narazılığın kök səbəblərini aradan qaldırmır.

Beynəlxalq münasibətlər baxımından ən həssas məsələ isə ikili standartlar problemidir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası (AŞPA) digər ölkələrdə sərbəst toplaşmaq azadlığı və polis müdaxiləsi ilə bağlı mütəmadi qiymətləndirmələr aparır, qətnamələr qəbul edir.

Bu prinsiplər Avropanın özündə baş verən hadisələrə də eyni ardıcıllıqla tətbiq olunmalıdır. Fransada 28 sentyabr – 5 oktyabr tarixlərində, rəsmi məlumatlara görə, 6 059 nəfər saxlanılıb. Onlardan 5 060 nəfər isə polis bölmələrində saxlanılıb. Bu rəqəmlər həm etirazların miqyasını, həm də dövlətin reaksiyasına dair sualları göstərir.

Əlbəttə, bəzi aksiyalar zorakılıqla müşayiət olunub və hər bir dövlətin ictimai asayişi qorumaq hüququ var. Amma bu hüquq güc tətbiqinin zəruriliyi və mütənasibliyi barədə hesabatlılığı aradan qaldırmır. Eyni hərəkətə fərqli ölkələrdə fərqli hüquqi-siyasi meyarlarla yanaşılması insan hüquqlarının universallığına inamı zəiflədir.

Avropanın beynəlxalq nüfuzu da məhz burada sınağa çəkilir. Başqalarından tələb etdiyi standartlara öz daxilində nə dərəcədə əməl edir? Etibarlı cavab yalnız prinsiplərin seçici deyil, ardıcıl tətbiqi ola bilər.

Pərvin Şakirqızı

Moderator.az/ Redaktor