Bakı, 5 noyabr, AZƏRTACTarixən milli birliyin və milli gücün təməlində dayanan əsas amillərdən biri ideoloji birlik olub. Lakin müasir mərhələdə milli ideologiyanı manipulyasiya etmək üçün yeni alətlərin meydana çıxması ideologiyanın əhəmiyyətini daha da artırıb. Bir xalqın milli ideologiyasını, milli düşüncə tərzini müxtəlif istiqamətlərə yönəltməklə onu parçalamaq, yanlış formada yenidən təqdim etmək, hətta ideologiyanı dağıdıcı amilə çevirmək mümkündür.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.O bildirib ki, Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının VIII qurultayında ideoloji təhlükəsizlik məsələsini bir daha aktuallaşdıraraq onun fiziki təhlükəsizlik qədər əhəmiyyətli olduğunu vurğulayıb. “Əslində, Azərbaycan müstəqilliyini əldə etdiyi dövr, həm dini kontekstdə dini ideologiyamızın, həm də siyasi kontekstdə siyasi ideologiyamızın parçalandığı bit dövr idi. 1991-1993-cü illərdə yaranan xaos məhz bununla əlaqədardır. Ulu Öndər Heydər Əliyev yeni azərbaycançılıq ideyasını irəli sürərək onu milli ideologiya kimi müəyyənləşdirib və daxili ideya komponentlərini cəmiyyətə təqdim edib. Bu, Azərbaycan tarixinə, mədəniyyətinə, dininə və mənəviyyatına sahib çıxmaqla yanaşı, Qərbdən gələn universal dəyərləri mənimsəmək, bu yolla cəmiyyəti və fərdi inkişaf etdirmək deməkdir. Azərbaycançılığın mahiyyəti də məhz bu, ilk baxışdan paradoksal görünən yanaşmada ifadə olunur”, - deyə deputat qeyd edib. H.Babaoğlu vurğulayıb ki, demokratiya daha çox qanunların və hakimiyyətin bölgüsü ilə bağlıdır. İdeologiya isə milli identiklik və ortaq milli düşüncə platformasıdır. 1990-cı illərin əvvəllərində yaşadıqlarımızın yenidən təkrarlanmaması üçün əldə etdiyimiz tarixi zəfərdən sonra milli ideologiyamıza qayıtmalı və onun təbliği ilə məşğul olmalıyıq. Çünki azərbaycançılıq ideologiyası xalqımızı birləşdirərək onun milli dövlətimizə mənsubiyyət və aidiyyət hissini təmin edib, bizi tarixi zəfərimizə gətirib. Bu ideologiya tarixin sınağından keçərək nə qədər əsaslı və doğru olduğunu sübut edib. Son dövrlərdə cəmiyyətdə dini və siyasi-ideoloji müstəvidə parçalanma cəhdlərinin şahidi olmuşuq. Məsələnin mahiyyəti də məhz bundan ibarətdir. Azərbaycan və “orta güc” anlayışı Milli Məclisin deputatı Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi tarixi zəfərdən sonra “orta güc” kimi səciyyələndirilməsini əsaslı hesab etdiyini bildirib. O qey dedib ki, “orta güc” anlayışının öz qiymətləndirmə meyarları var və Azərbaycanın bu statusa yüksəlməsi sadəcə fikir deyil, beynəlxalq münasibətlər sistemində qazandığı yeni mövqe ilə bağlıdır. Bu status güclü, qalib və qüdrətli Azərbaycan deməkdir. Amma məsələnin digər tərəfi də var. Regional və regiondan kənar aktorları vahid platformada birləşdirmək, onların əməkdaşlıq perspektivlərini müəyyənləşdirmək regional gücün göstəricisidir. Orta güc olmaq yalnız Cənubi Qafqaz regionunda müxtəlif təsir alətlərinə və imkanlara sahib olmaq demək deyil. Bu, Çindən Avropaya qədər uzanan geniş coğrafiyada milli dövləti dövlətlərarası münasibətlərin cazibə mərkəzinə çevirməkdir. “Azərbaycanın coğrafi mövqeyi, mövcud kommunikasiyaları və inşa edilməsi nəzərdə tutulan yeni nəqliyyat bağlantıları olmasaydı, ölkəmizin orta güc statusuna yüksəlmək ehtimalı da bu qədər yüksək olmazdı. Azərbaycanın yaratdığı kommunikasiyalar və formalaşdırdığı yeni reallıqlar çoxsaylı ölkələri vahid əməkdaşlıq məqsədləri ətrafında birləşdirir. Bütün bu reallıqların ictimai və sosial müstəvidə, mental baxımdan mənimsənilməsi üçün yeni ideoloji maarifləndirməyə ehtiyac var. Qlobal platformada milli həmrəylik və cəmiyyətin kütləvi şəkildə sinxron hərəkəti zərurəti meydana çıxır. Bu isə ideologiyanın mənimsənilməsi və onun milli düşüncəyə çevrilməsi mərhələsindən keçməlidir. Azərbaycan Prezidenti ideologiya məsələsini bir daha gündəmə gətirərkən bütün bu reallıqları nəzərə alıb. Dövlətimizin başçısının bu istiqamətdəki fəaliyyətinə uyğun olaraq cəmiyyətin bütün institutları, o cümlədən media institutları da bu prosesə töhfə verməyi bacarmalıdır”, – deyə Hikmət Babaoğlu əlavə edib.