Ərdoğanın Azərbaycan səfəri: “Doğru qərardır, uzatmaq lazım deyil” – AÇIQL…

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Azərbaycana gələcək.

Politoloq Elxan Şahinoğlu Medianews.az-a bildirib ki, Ərdoğanın 8 Noyabr tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlməsi doğru qərardır: “İki müttəfiq arasında hər hansı səbəbdən gərginlik yaranırsa, bunun aradan qaldırılmasını uzatmaq lazım deyil. 2009-cu ildə də belə olmuşdu. Həmin il Türkiyənin o zamankı xarici işlər naziri Əhməd Davudoğlu “qonşularla sıfır problem” konsepsiyası əsasında Ermənistanla sərhədi açmaq məqsədilə İsveçrədə protokollar imzalayanda bu, rəsmi Bakının narazılığına səbəb olmuşdu. Çünki Türkiyə Azərbaycan torpaqlarının işğalı səbəbindən Ermənistanla sərhədi bağlayıb. Azərbaycanın ərazi bütövlüyü təmin olunmadığı halda Türkiyənin Ermənistanla sərhədi açmağa hazırlaşması anlaşılmırdı. Nəticədə Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yarandı. O vaxt Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğan gərginliyi aradan qaldırmaq üçün 2009-cu ilin may ayında Bakıya gəldi və Milli Məclisdə çıxış etdi.

Ərdoğan çıxışında bildirdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin etməyənə qədər Türkiyə Ermənistanla sərhədi açmayacaq. Dediyi kimi də oldu. Münasibətlər əvvəlki axarına qayıtdı.

Bu dəfə də iki ölkə arasında gərginliyin qaldırılması üçün Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlməyi lazım bilib. Bu səfər də münasibətlərdəki mövcud suallara aydınlıq gətirməlidir. Ancaq son böhran onu da göstərdi ki, bir-birlərinin daxili işlərinə qarışmamaq şərti ilə müttəfiq dövlətlər arasında koordinasiyanın gücləndirilməsinə ehtiyac var”.