Bakı, 5 noyabr, AZƏRTAC Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi yalnız mədəniyyətlərarası münasibətlərin əhəmiyyətinə dair fikirlərlə məhdudlaşmayıb, həm də tarixi-mədəni kimliyimiz, Azərbaycanın inkişaf yolu, milli dəyərlərimiz, beynəlxalq münasibətlər sistemində mövqeyimiz ortaya qoyuldu. Ölkəmizin multikulturalizm ənənələri, müharibə və sülh məsələlərinə yanaşmamız, ərazi bütövlüyünün bərpası, eləcə də qlobal siyasətdə ədalət və bərabərlik prinsiplərimiz ön plana keçdi. Prezident İlham Əliyevin nitqində xüsusi diqqətçəkən mühüm məsələlərdən biri də azərbaycançılıq ideyası oldu. Prezident bu ideyanın Azərbaycanda yaşayan bütün xalqları, etnik və dini qrupları birləşdirən ümummilli dəyər kimi səciyyələndirməsi, fikrimizcə, ölkəmizdəki müxtəlif etnik və dini qrupların nümayəndələrinin vahid milli ideya ətrafında birləşməsi müstəqillik tariximizin ən mürəkkəb dövrlərində özünü göstərib. Azərbaycançılıq inteqrativ ideologiya sistem, milli ideya formasıdır. Bu fikirlər Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalovun “Azərbaycançılıq etnik müxtəlifliyin vahid milli ideya ətrafında birləşməsidir” sərlövhəli yazısında yer alıb. AZƏRTAC məqaləni təqdim edir. Ümummilli Lider Heydər Əliyev qeyd edib ki, milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu gün tam şəkildə əminliklə deyə bilərik ki, Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Bu ideologiya sonrakı dövrdə, Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirildi və inkişaf etdirildi. Azərbaycançılıq Prezident İlham Əliyevin dövründə mükəmməl bir konsepsiya kimi tədricən bütün Azərbaycan vətəndaşlarının, dünyada yaşayan həmvətənlərimizin, ölkəmizlə bağlılığı olan hər bir soydaşımızın milli birlik platforması rolunu oynamağa başladı. Bu gün azərbaycançılıq ideologiyasının təməlində, ilk növbədə, güclü Azərbaycan dövlətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi və digər ali dəyərlər dayanır. Ölkə başçısı bu ictimai həmrəyliyin Azərbaycanın sabitliyinin mühüm dayaqlarından biri olduğunu vurğuladı. Dövlətçilik və vətənpərvərlik ideyalarını özündə birləşdirən azərbaycançılıq vahid və bölünməz birlik və həmrəylik prinsiplərini özündə ehtiva etməklə, həm də bizim keçmişimizdən gələn milli dəyər olaraq vahid Azərbaycanın ideyası əsasında bütün xalqların həmrəylik və anlaşma içində birgə yaşamasını multikultural ənənənin təzahürüdür. İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, azərbaycançılıq ölkəmizdəki bütün xalqları, etnik və dini qrupları bir araya gətirir, vahid ideologiya ətrafında sıx birləşdirir. Müxtəlif etnik və dini qrupların nümayəndələrinin birgə yaşaması, onların hüquq və azadlıqlarının Azərbaycan Konstitusiyası ilə qorunması ölkəmizdə qarşılıqlı hörmət mühitinin yaranmasına xidmət edir. Milli birlik, milli həmrəylik etnik və dini eynilik üzərində deyil, ümumi dövlətə, Vətənə və ortaq dəyərlərə bağlılıq üzərində formalaşa bilər. Ölkə başçısının bu yanaşmasında azərbaycançılıq ideyası cəmiyyətdəki müxtəlifliyi aradan qaldıran deyil, həmin müxtəlifliyi vahid dövlətçilik məfkurəsi daxilində birləşdirən prinsip kimi təqdim olunur. Qeyd edə bilərik ki, ölkəmizdə azərbaycançılıq ideyası ətrafında vahid halda birləşən, milli birlik nümayiş etdirən Azərbaycanı öz Vətəni hesab edən bütün Azərbaycan xalqı özünü, Vətənini müdafiə etdi, təcavüzkarları ölkəmizdən qovdu, torpaqlarımız işğaldan azad olundu, suverenliyimiz tam təmin edildi. Prezident 44 günlük Vətən müharibəsi zamanı müxtəlif etnik və dini qrupların nümayəndələrinin birlik nümayiş etdirməsini xatırladaraq bunu "Dəmir yumruq" rəmzi ilə ifadə etdi. Bu gün həm də xalqımız qarşısında duran əsas vəzifə əldə olunmuş uğurları, nailiyyətləri qorumaq, milli birliyi daha da möhkəmləndirmək və regionda davamlı əmin-amanlığın, sabitliyin, sülhün təmin olunmasına çalışmaqdır. Azərbaycanın multikulturalizm təcrübəsi, müstəqil xarici siyasət və beynəlxalq əməkdaşlıq imkanları bu məqsədlərə çatmaq üçün mühüm əsas yaradır.