Tramp İrana qarşı əməliyyatları mümkün sayır, lakin nüvə silahından istifadəni istisna edib

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi ehtimalını istisna etməyib və Vaşinqtonun atacağı addımların ölkənin maraqlarına uyğun olacağını bildirib.

Tramp bunu “Politico”ya verdiyi telefon müsahibəsində deyib.

“Biz vəziyyətə baxacağıq və hər hansı addım atmaq üçün imkan görsək, ölkəmiz üçün ən yaxşı olanı edəcəyik”, – Tramp İrana qarşı əməliyyatların eskalasiyası ehtimalı barədə suala cavabında deyib.

Nüvə silahından istifadə ehtimalı barədə suala cavab verən ABŞ Prezidenti buna ehtiyac olmadığını deyib.

“Buna ehtiyacım yoxdur. Biz onları artıq 90 faiz sıradan çıxarmışıq. Ona görə də buna ehtiyac yoxdur”, – Tramp bildirib.

O, İranla bağlı qərarının uzunmüddətli perspektivdə həm ABŞ, həm də dünya üçün düzgün olduğunu düşündüyünü bildirib. Trampın sözlərinə görə, neft qiymətlərinin artması İranla münaqişə ilə əlaqələndirilsə də, onun qərarı uzunmüddətli maraqlar baxımından doğru olub.