Kuşner: ABŞ Avropada yeni təhlükəsizlik sistemi yaratmaq istəyir

ABŞ administrasiyası Ukrayna münaqişəsi başa çatdıqdan sonra Avropada yeni böhranların qarşısını almaq üçün təhlükəsizlik arxitekturası yaratmağı hədəfləyir.

Bu barədə ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner “X” sosial şəbəkəsində bildirib.

“Prezident Trampın tapşırığı ilə davamlı sülhə nail olmağın yolları üzərində fəal işləyirik. Məqsədimiz təkcə bu dəhşətli müharibəni dayandırmaq deyil, həm də döyüşlər başa çatdıqdan sonra onların yenidən başlamasının qarşısını alacaq daha geniş təhlükəsizlik sistemi formalaşdırmaqdır”, – Kuşner vurğulayıb.

“Reuters” agentliyinin məlumatına görə, Kuşner və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçirilməsi gözlənilən üçtərəfli danışıqlarda Vaşinqtonu təmsil edəcəkləri nəzərdə tutulur.

Uitkoff həmçinin bu həftə Brüsseldə NATO müttəfiqləri ilə Ukraynaya təhlükəsizlik zəmanətləri və Avropanın müharibədən sonrakı təhlükəsizlik arxitekturası barədə məsləhətləşmələr aparılacağını bildirib.