Ermənistanda baş nazir Nikol Paşinyana müxalif olan siyasi qüvvələr ümummilli birlik yaratmaq təşəbbüsü ilə çıxış ediblər.
Rusiyalı iş adamı, “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyanın malikanəsində 12 müxalif siyasi qüvvənin nümayəndələrinin iştirakı ilə kritik toplantı keçirilib. Görüşdə iki parlament siyasi qüvvəsi də təmsil olunub.
Toplantıda iştirak edən siyasi qüvvələr əsas məsələlər üzrə səylərini birləşdirmək barədə razılığa gəliblər.
“Güclü Ermənistan” siyasi qüvvəsinin nümayəndəsi Narek Karapetyan bildirib ki, iştirakçılar arasında müəyyən fikir ayrılıqları olsa da, ölkənin gələcəyi ilə bağlı əsas istiqamətlərdə birgə fəaliyyət göstərmək niyyətindədirlər.
Görüşün yekununda qəbul edilən birgə bəyanatda Konstitusiyanın məcburi dəyişdirilməsinə qarşı çıxılması, birtərəfli güzəştlər və ərazi itkiləri olmadan sülhə nail olunması, milli kimliyin və Erməni Apostol Kilsəsinin müdafiəsi, həmçinin demokratik hüquq və azadlıqların bərpası əsas məqsədlər kimi göstərilib.
Toplantı iştirakçıları digər siyasi qüvvələri, ictimai xadimləri və tanınmış şəxsləri də ümummilli birləşmə prosesinə qoşulmağa çağırıblar.
Müxalifət nümayəndələrinin toplantısı Samvel Karapetyan barəsində həbs qətimkan tədbiri ilə bağlı məhkəmə araşdırmasının aparıldığı dövrə təsadüf edib.
Bundan əvvəl Karapetyanın partiyasının mərkəzi qərargahında axtarışlar keçirilib. İş adamının vəkili Eduard Hovhannisyan həmin axtarışları qanunsuz adlandırıb.
(Musavat.com)