Zülallı qidaların qəbulunda diqqət edilməli olan məqamlar

Həddindən artıq zülal qəbulunun böyrəklərə, qaraciyərə və ürəyə necə təsir etdiyini gəlin birlikdə öyrənək

Səhər yeməyində zülallı qatıq. Qəlyanaltıda zülal batonu. Qəhvədə zülal əlavəsi. Şam yeməyində əlavə zülallı məhsullar… Bu qidalanma rejimi sizə haradansa tanış gəldi?

Son dövrdə sosial şəbəkənin təsiri ilə zülal, sağlam həyatın demək olar ki, əvəzolunmaz rəmzinə çevrilib. Çox vaxt daha enerjili, daha şux görünüşə malik və daha sağlam olmaq üçün gün ərzində fərqində olmadan hər yeməyə daha çox zülal əlavə edirik. Mütəxəssislər isə getdikcə genişlənən bu vərdişin zamanla zərər verə biləcəyi haqqında xəbərdarlıq edirlər. Çünki son illərdə sürətlə yayılan "Nə qədər çox zülal, bir o qədər çox sağlamlıq" düşüncəsi, bədənin həqiqi ehtiyaclarını kölgədə qoymağa başlayıb.

Bəs zülalı lazım olandan artıq qəbul etmək sağlamlığa necə təsir edir? Bədənin gündəlik zülal ehtiyacı nə qədərdir? "TRT Haber" kanalı bu mövzunu Səhiyyə Elmləri Universitetinin İctimai Qidalanma Kafedrasının müdiri, professor Elvan Yılmaz Akyüz ilə müzakirə edib. Mütəxəssisimiz məsələ ilə bağlı nələri diqqətə çatdırdığına gəlin birlikdə nəzər salaq.

Əvvəla bunu diqqətə çatdıraq ki, zülal həqiqətən də həyati əhəmiyyət kəsb edir. Professor Elvan Yılmaz Akyüz bunu belə tərf edir: "Zülallar bədənin tikinti materialıdır. Boyartımı, inkişaf, toxumaların bərpası, quruluşu və immunitet sistemi üçün zəruri, olmazsa olmaz bir qida komponentidir."

Məhz bu səbəbdən gündəlik zülal qəbulunun miqdarı böyük əhəmiyyət daşıyır. Çünki əksik zülal qəbulu sağlamlıq problemlərinə yol açır. Təbii ki, bunun əksi də yol verilməzdir. Ancaq həddindən artıq zülal qəbulu da orqanizmə çox ciddi zərərlər vurur.

Professor Elvan Yılmaz Akyüz bu məqamda vacib bir məsələyə diqqət yetirərək deyir: "Zülalın miqdarı qədər, onu hansı mənbədən almağınız da vacibdir. Gündəlik zülal çatışmazlığını aradan qaldırmaq üçün onu hər yeməkdə qəbul etməyimiz vacibdir. Lakin bu zülalı hansı mənbədən təmin edirik? Heyvan mənşəli zülallardan, yoxsa bitki mənşəli zülallar?"

Yalnız tək cür zülal mənbələrindən istifadə etmək, xeyirdən çox fəsadlara yol açır. Professor Elvan Yılmaz Akyüz ehtimal olunan zərərləri belə izah edir: "Əgər gündəlik olaraq heyvan mənşəli zülal mənbələrini hər qida sırasında qəbul edirsinizsə, ürək-damar xəstəlikləri başda olmaqla, mədə və yoğun bağırsaq xərçəngi kimi xəstəliklərin riski artacaqdır. Bununla yanaşı, lif qəbulunuz azalacağı üçün bağırsaq problemləri yaranacaq və immunitet sisteminizə mənfi təsir göstərəcəkdir."

Həddindən artıq zülal qəbulu böyrəklərə də mənfi təsir edir. Professor Elvan Yılmaz Akyüz sözlərinə belə davam edir: "Sizə məlum olan və ya bilmədiyiniz bir böyrək xəstəliyiniz varsa və həddindən artıq zülal qəbul edirsinizsə, bu zaman böyrəklərinizin yükü artacaq. Bu da vəziyyəti daha da ağırlaşdıracaq. Eyni zamanda zülallar qaraciyərdə həzm olunur. Bu da qaraciyərinizi həddindən artıq yormağınıza səbəb olacaq və gizli bir xəstəliyiniz varsa, onun risk potansiyalını daha da artıracaqdır."

Bəs hansı zülal növünə üstünlük verilməlidir heyvan mənşəli, yoxsa bitki mənşəli? Professor Elvan Yılmaz Akyüzün cavabı belədir: "Heyvan mənşəli zülallar qədər bitki mənşəli zülal mənbələrini də diqqətdən kənarda saxlamamalıyıq. Gündəlik rasionumuzda həm heyvan, həm də bitki mənşəli zülallara yer verməliyik. Bitki mənşəli zülalların bioloji faydalarını artırmaq üçün onları taxıl məhsulları ilə birlikdə qəbul etməliyik. Bu, aminturşu tərkibini nizamlayacaq və orqanizmdə həzm edilmə prosedurunu artıracaq."

İndi gəlin ən çox maraq doğuran suala keçid edək, gündəlik zülal qəbulu nə qədər olamılıdır?

Professor Elvan Yılmaz Akyüz bu barədə belə deyir: "Gündəlik zülal qəbulu ilə bağlı insanın yaşı, boyu, çəkisi və fizioloji vəziyyəti nəzərə alındıqda, sağlam yetişkinlər üçün gündəlik çəkinin hər kiloqramına 1.2 və ya 1.6 qram zülal qəbulunun kifayət edəcəyini deyə bilərik.

Uşaqlar üçün bu miqdar bir az fərqlidir. Büyümə və inkişaf dövründə olan azyaşlı uşaqlar üçün çəkinin hər kiloqramına 2-2.5 qram nisbətində hesablaya bilərik. Lakin hər hansı xəstəlik halında və ya idmançılarda bu göstərici dəyişə və miqdar arta bilər. Xüsusilə pəhriz saxlayanlar əzələ kütləsini itirməmək üçün hər yeməkdə zülala yer verməlidirlər. Zülalları gün ərzində yemək vaxtlarına bölmək vacibdir. Lakin hər yeməkdə mütləq heyvan mənşəli zülal olmalıdır deyə bir şərt yoxdur. Bitki mənşəli zülal mənbələrimiz olan noxud, lobya, yaşıl mərci və ya artıq zülal mənbəyi kimi qəbul etdiyimiz çərəzlər — fındıq, fıstıq, qoz və badam da bizə zülal verir. Bunları da rasionumuza daxil etdikdə gündəlik zülal bölgüsünü daha yaxşı təmin etmiş olarıq. Sırf zülal qəbul edəcəm deyə hər dəfə yumurta, qırmızı ət, toyuq və ya balıq qəbul edirsinizsə, bu sizdə daha çox sağlamlıq riskinə səbəb olar."

Bəs zülallı qatıqlar və içəcəklər necə? Professor Elvan Yılmaz Akyüz bu barədə həm məsləhət, həm də xəbərdarlıq edərək deyir: "Gündəlik zülal normamızı həddindən artıq aşmadığımız müddətcə zülallı qatıqlardan istifadə edə bilərik. Xüsusilə də idmanla məşğul olanlar. Lakin rasionumuzdakı adi qatığı tamamilə zülallı qatıqla əvəz etməyimiz səhv olar. Bəli, bu məhsullar bədəndə əzələ yığılmasına kömək edir və əzələ itkisinin qarşısını almağa təsir göstərir. Lakin əgər siz onsuz da kifayət qədər zülal qəbul edirsinizsə, bunu əlavə zülallı qatıqlardan və ya zülallı içəcəklərdən qarşılamayın. Protein tozlarının istifadəsinə də diqqət edin. Əgər siz zülalı qidalar vasitəsilə kifayət qədər zülal qəbul edirsinizsə, daha əlavə protein tozu istifadə etməyə ehtiyac yoxdur."

Sonda isə bu mövzuda xüsusilə diqqətli olmalı olan qruplar haqqında da danışaq. Professor Elvan Yılmaz Akyüz deyir: "Qaraciyər xəstələrində zülal mübadiləsi pozula bilir. Həddindən artıq zülal, xüsusilə irəliləmiş mərhələdə ammonyak toplanmasına, hepatik ensefalopatiyaya yol aça bilər. Eynilə nikris (podaqra) xəstəliyi olan şəxslərdə də xüsusilə heyvan mənşəli zülal, qırmızı əttən istifadə sidik turşusunu artıraraq kəskin ağrı tutmalara səbəb ola bilər. Yaşlılar üçün zülal vacib olsa da, böyrək funksiyalarına və su qəbuluna əsasən həddindən artıq istifadədən çəkinməlidirlər."

Nəticə olaraq deyə bilər ki, zülal sağlamlıq üçün əvəzolunmazdır. Lakin hər yaxşı şeyin bir həddi var. Necə deyərlər, çoxu zərər, azı qərər.

Hörmətli oxuyucularımız zülal qəbulunuzu çeşidləndirməyinizi, miqdarını balanslamağı və orqanizminizin həqiqi ehtiyacına qulaq asmağınızı tövsiyə edirik.