İran parlamentinin hazırkı və keçmiş beş deputatının da daxil olduğu 14 nəfər Azərbaycanda "arzuolunmaz şəxs" elan edilib. Həmin şəxslərin Azərbaycana qarşı əsassız ittihamlar və təhqiramiz ifadələr səsləndirdikləri, ölkənin suverenliyini, milli təhlükəsizliyini və konstitusiya quruluşunu hədəf alan çağırışlar etdikləri bildirilir.
Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan - İran parlamentlərarası işçi qrupunun üzvü Ceyhun Məmmədov iranlı deputatları əvvəlki proseslərdən dərs almağa çağırıb:
"Bu gün İranda bəzi şəxslər Azərbaycanla İran arasında münasibətləri gərginləşdirməyə çalışırlar. Onlara əvvəlki proseslərdən nəticə çıxarmalarını tövsiyə edirik. Azərbaycan müstəqil dövlətdir və onun daxili işlərinə heç kəs qarışa bilməz. Bu istiqamətdə cənab Prezidentin mövqeyi qətiyyətli və prinspialdır. Son verilən qərar onlara ciddi mesajdır. Bu ritorikaya son qoymalı və bundan sonra belə addımlar atmaqadan çəkinməlidirlər".
C.Məmməov İran deputatları ilə görüşlərini də xatırladıb:
"İranda səfərdə olanda Ərdəbildən olan deputatlarla görüşümüz xatirimdədir. Qarşılıqlı fikir mübadiləsi apardıq və Azərbaycanın mövqeyini onlara çatdırdıq. Bütün məsələlərə aydınlıq gətirdik. Bu siyahıda mən onların adlarını görmədim, çünki onlar azərbaycanlılardır. Mən inanmaram ki, onlar öz ana vətənlərinə qarşı belə bir addım atsınlar. Bu cür addım atanlar SEPAH-a bağlıdırlar, millətçilərdir. Azərbaycan düşmənçiliyi olan adamlardır. Bir daha qeyd edirik ki, kimsə bu cür cəhdlərlə bizə təsir edə, mövqelərimizi sarsıda biləcəklərini düşünürlərsə, yanılırlar. Həmin şəxslər bu cür addımlara yol verməməlidir. Bu açıqlamalar və atılan müəyyən addımlar yalnız bizim münasibətlərimizə xələl gətirir. Yəni bizim münasibətlər son zamanlar bərpa olundu, mülayiməşdi. Bu gün münasibətləri kimsə gərginləşdirməməlidir. Azərbaycan və İran ortaq dəyərələri bölüşür, tarixən qonşu olmuşuq. Münasibətlərdə qarşıdurmaya yol verilməməlidir".
Milli Məclisin Azərbaycan - İran parlamentlərarası işçi qrupunun digər üzvü Vasif Qafarov bildirib ki, İran parlamentinin hazırkı və keçmiş beş deputatının da daxil olduğu 14 nəfərin Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi Azərbaycanın dövlət suverenliyinə, milli təhlükəsizliyinə və siyasi rəhbərliyinə qarşı yönələn təhqirlərin, təhdidlərin və düşmənçilik çağırışlarının cavabsız qalmadığını göstərir:
"Həmin şəxslərin açıqlamalarında uzun müddətdir ki, Azərbaycana qarşı qərəzli münasibət, əsassız ittihamlar və bəzən açıq düşmənçilik müşahidə olunur. Xüsusilə diqqət çəkən məqam odur ki, bu mövqeyi səsləndirənlər arasında İran parlamentinin üzvləri də var. Parlament deputatının statusu ona başqa dövlətin daxili işlərinə qarışmaq, həmin dövlətin konstitusiya quruluşunu və suverenliyini hədəfə almaq hüququ vermir. Bu qərarı təkcə konkret şəxslərə qarşı inzibati məhdudiyyət kimi deyil, Tehrana ünvanlanmış siyasi xəbərdarlıq kimi qiymətləndirirəm. Azərbaycanın mesajı aydındır, qonşuluq münasibətləri qarşılıqlı hörmətə əsaslanmalıdır. Heç bir dövlətin siyasi və ya dini dairələri Azərbaycana qarşı düşmənçilik ritorikasından istifadə etməklə hansısa bir nəticə əldə edə bilməz".
V. Qafarov İran parlamentindəki həmkarlarına mesaj da ünvanlayıb:
"Bu qərarın həmin şəxslərin fəaliyyətinə müəyyən təsir göstərəcəyi şübhəsizdir. Lakin əsas məsələ bunun İranın siyasi dairələrində münasibətə necə təsir edəcəyidir. Ola bilər ki, bəzi dairələr yenidən gərginliyi artırmağa çalışsınlar. Ancaq Azərbaycan belə təzyiqlər qarşısında mövqeyini dəyişən dövlət deyil. İran parlamentindəki həmkarlarıma mesajım da budur: Azərbaycanla münasibətlərdə təhdid, təhqir və düşmənçilik deyil, qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsas götürülməlidir. Azərbaycan öz suverenliyinə və milli maraqlarına qarşı yönələn heç bir təzyiqə və müdaxiləyə imkan verməyəcək".