Həyatını gizli saxlayanlar: Bu, psixoloji problemdir?

Bəzi insanlar həyatlarında baş verən ən kiçik dəyişiklikləri belə başqaları ilə bölüşmək istəmirlər. Yeni münasibətə başlayırlar, amma heç kimə danışmırlar. İşdə uğur qazanırlar, lakin bunu gizli saxlayırlar. Hətta gedəcəkləri yeri, gələcək planlarını və gündəlik həyatlarında baş verənləri belə açıqlamaqdan çəkinirlər. Bəziləri bunu şəxsi həyatın toxunulmazlığı, digərləri isə nəzərdən, paxıllıqdan və mənfi enerjidən qorunmaq istəyi ilə izah edirlər. “Danışsam, alınmaz”, “kimsə bilsə, xoşbəxtliyim pozular”, “insanların gözü götürməz” kimi düşüncələr isə bir çoxlarının bölüşmək qərarına təsir göstərir.

Bəs insan niyə xoşbəxtliyini, uğurunu və hətta adi planlarını gizlətməyə ehtiyac duyur? Bu davranışın arxasında sadəcə məxfiliyə üstünlük vermək dayanır, yoxsa başqalarının münasibətindən və mümkün mənfi təsirindən qaynaqlanan psixoloji qorxu var?

Mövzu ilə bağlı psixoloq Almara Məlikova Sfera.az-a açıqlama verib. O bildirib ki, şəxsi həyatı gizli saxlamaq özlüyündə psixoloji problem hesab olunmur:

“İnsan məxfiliyə üstünlük verə, şəxsi münasibətlərinin müzakirə edilməsini istəməyə, başqalarının müdaxiləsindən və tənqidindən uzaq qalmağa çalışa bilər. Bəzi hallarda isə keçmişdə yaşanan mənfi təcrübələr, etibarın sarsılması və şəxsi məlumatlardan sui-istifadə edilməsi insanı daha qapalı olmağa sövq edir.

Burada əsas məqam insanın paylaşmamaq qərarını hansı səbəbdən verməsidir. Əgər şəxs sadəcə öz rahatlığı üçün həyatını məxfi saxlamağa üstünlük verirsə, bu, normal şəxsi sərhəd hesab oluna bilər. Lakin insan nəyisə danışdığı təqdirdə mütləq uğursuzluq yaşayacağına, xoşbəxtliyinin pozulacağına və ya başqalarının ona mənfi təsir göstərəcəyinə inanırsa, artıq bu davranışın arxasında qorxu dayana bilər”.

Mütəxəssis qeyd edib ki, belə düşüncələrin formalaşmasında insanın nəzarət ehtiyacı da rol oynayır. Onun sözlərinə əsasən, gələcəyin qeyri-müəyyənliyi və hadisələrin istənilən istiqamətdə inkişaf edə bilməsi narahatlıq yaratdıqda insan özünü qorumaq üçün müəyyən qaydalar formalaşdırır:

“Məsələn, “heç kim bilməsə, hər şey yaxşı gedəcək” düşüncəsi insana müvəqqəti rahatlıq verə bilər. Beləliklə, insan hadisələrin gedişinə nəzarət edə bilmədiyi vəziyyətdə məlumatı gizlətməklə özünü daha təhlükəsiz hiss etməyə çalışır.

Bu davranışın başqa bir tərəfi isə təsdiqləmə qərəzi ilə bağlıdır. İnsan əvvəlcədən nəzərə və ya mənfi enerjiyə inanırsa, planını kiminləsə bölüşdükdən sonra uğursuzluq yaşadıqda iki hadisə arasında birbaşa əlaqə qurmağa meyilli olur. Ancaq eyni planı paylaşdığı halda uğur qazandığı və heç bir problem yaşamadığı halları nəzərə almaya bilər. Halbuki iki hadisənin ardıcıl baş verməsi onların arasında səbəb-nəticə əlaqəsinin olduğunu sübut etmir.

Mənfi enerji anlayışına gəldikdə isə elmi yanaşma ilə gündəlik inancları bir-birindən fərqləndirmək lazımdır. Başqa bir insanın paxıllığının, baxışının və ya düşüncəsinin görünməz qüvvə kimi ötürülərək kiminsə həyatını, taleyini və uğurunu pozduğunu təsdiqləyən etibarlı elmi sübut mövcud deyil. Bununla belə, insanların bir-birinin emosional vəziyyətinə təsiri real psixoloji hadisədir. Daim tənqid edən, alçaldan, qorxu yaradan və mənfi münasibət göstərən insanlarla ünsiyyət qarşı tərəfdə stress, narahatlıq və emosional yorğunluq yarada bilər.

Bu baxımdan, bəzən insanların “mənfi enerji” adlandırdığı vəziyyət əslində ünsiyyət zamanı yaranan emosional gərginliklə bağlı ola bilər. Başqasının paxıllığı da yalnız daxili hiss olaraq qaldıqda deyil, məsxərəyə qoymaq, nüfuzdan salmaq, maneə yaratmaq və ya qəsdən zərər vermək kimi davranışlara çevrildikdə real problemə çevrilir”.

Psixoloq hesab edir ki, insanın hər şeyi başqaları ilə bölüşməməsi normaldır və heç kim şəxsi həyatını ictimai müzakirəyə çıxarmağa məcbur deyil:

“Lakin məxfiliyin əsasını daimi qorxu, şübhə və başqalarının mümkün reaksiyasından çəkinmək təşkil edirsə, bu vəziyyət insanın gündəlik rahatlığına təsir göstərə bilər. Şəxsi sərhədləri qorumaqla qorxu səbəbindən özünü məhdudlaşdırmaq eyni şey deyil. İnsan kimə nəyi danışacağını özü seçməli, lakin xoşbəxtliyinin və uğurunun başqalarının baxışından asılı olduğu düşüncəsi ilə yaşamağa məcbur qalmamalıdır”.