Bakı, 4 noyabr, AZƏRTAC Azərbaycan Universitetində Qazaxıstanın ali təhsil müəssisələrinin professor-müəllim heyəti üçün ikigünlük təkmilləşdirmə kursu təşkil olunub. Universitetdən AZƏRTAC-a bildirilib ki, Siyasi və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə keçirilən “Qlobal təhsil: transformasiya, innovasiya və peşəkar səriştələrin inkişafı” adlı kurs beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi, elmi-pedaqoji təcrübə mübadiləsinin təşviqi və ali təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyıb. Kursda Lev Qumilyov adına Avrasiya Milli Universitetinin, S.D.Asfendiyarov adına Qazaxıstan Milli Tibb Universitetinin, Mərkəzi Asiya İnnovasiya Universitetinin professor-müəllim heyətinin, eləcə də “Altın Qasır” Peşəkar İnkişaf Mərkəzinin əməkdaşları iştirak ediblər. Qeyd olunub ki, bu, Azərbaycan Universitetinin tarixində Qazaxıstanın ali təhsil müəssisələrinin nümayəndələri üçün təşkil edilən ilk belə kursdur. Təlimlərdə ali təhsil sahəsində baş verən dəyişikliklər, innovativ tədris yanaşmaları və peşəkar səriştələrin inkişafı məsələləri diqqət mərkəzində olub. Təqdimatlar, interaktiv müzakirələr və təcrübə mübadiləsi formatında keçirilən məşğələlərdə iştirakçılar öz təcrübələrini bölüşüb, müxtəlif tədris metodlarını müqayisə edib, ali təhsilin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.Proqram çərçivəsində Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov ilə Mərkəzi Asiya İnnovasiya Universitetinin elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Janar Sapargəliyeva arasında da görüş olub. Görüşdə tərəflər arasında imzalanmış memorandumdan irəli gələn əməkdaşlıq istiqamətləri müzakirə edilib. Kursun sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.