Monteneqro 2028-ci ildə Avropa İttifaqının (Aİ) 28-ci üzvü ola bilər. Avropa Komissiyası ölkənin üzvlük danışıqlarını 2026-cı ilin sonunadək başa çatdırmasının və 2027-ci ilin iyununda üzvlük müqaviləsi imzalamasının mümkün olduğunu bildirib.
Bu barədə “Bloomberg” agentliyi Avropa Komissiyasının noyabrın 4-də açıqladığı genişlənmə hesabatına istinadən məlumat yayıb.
Avropa Komissiyasının qiymətləndirməsinə görə, Monteneqro son illərdə Avropa İttifaqının hüquqi və iqtisadi tələblərinə uyğunlaşmaq istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib.
Ölkə Aİ-yə üzvlük üzrə danışıqların aparıldığı 33 fəslin hamısını açıb. Oktyabrın 12-nə olan rəsmi məlumatlara əsasən, bunlardan 21-i müvəqqəti olaraq bağlanıb.
Qalan 12 fəsil üzrə danışıqların 2026-cı ilin sonuna qədər yekunlaşdırılması hədəflənir.
Avropa Komissiyasının yol xəritəsi üzvlük müqaviləsinin 2027-ci ilin iyununda imzalanmasını mümkün hesab edir.
Bundan sonra müqavilə Avropa İttifaqının bütün üzv dövlətləri və Monteneqro tərəfindən ratifikasiya edilməlidir. Proses nəzərdə tutulduğu kimi davam edərsə, ölkənin 2028-ci ildə Aİ-yə üzvlüyü reallaşa bilər.
Monteneqronun Baş naziri Miloyko Spayiç daha əvvəl ölkəsinin 2026-cı ilin sonunadək üzvlük danışıqlarını yekunlaşdırmağa və 2027-ci ildə müqavilə imzalamağa çalışdığını bildirmişdi.
Monteneqro 2012-ci ildən Avropa İttifaqına üzvlük danışıqları aparır.
Ölkə 2008-ci ildə üzvlük üçün müraciət edib, 2010-cu ildə namizəd statusu alıb. Danışıqlar isə 2012-ci ilin iyununda başlayıb.
Qeyd edək ki, Avropa İttifaqına sonuncu dəfə 2013-cü ildə Xorvatiya qoşulub. Monteneqronun üzvlüyü reallaşarsa, bu, 15 ildən sonra Aİ-nin ilk genişlənməsi olacaq.
Monteneqro üçün Aİ-yə üzvlük vahid Avropa bazarına daha geniş çıxış, investisiya mühitinin yaxşılaşması və Avropa fondlarından maliyyələşmə imkanlarının artması baxımından əhəmiyyət daşıyır.