Türkiyədə milli valyutanın ABŞ dollarına nəzərən ucuzlaşması davam edir.
Bu gün birjalarda dollar/lirə məzənnəsində yeni rekord qeydə alınıb. Bir dollar 0,11 faiz bahalaşaraq 50 lirə olub.
Lirənin dollara nəzərən ucuzlaşması uzunmüddətli prosesdir. Dollar Türkiyədə 2023-cü ilin may ayından başlayaraq davamlı yüksəlir.
Bu hal "idarə olunan dəyərsizləşdirmə" kimi də qiymətləndirilir. Mərkəzi Bank dolların kəskin sıçrayışlarının qarşısını almaq və inflyasiyaya mənfi təsirini minimuma endirmək üçün lirənin hər ay planlı şəkildə 1-2% dəyər itirməsinə şərait yaradır. Qurum rəsmiləri bəyan edirlər ki, lirənin tədricən zəifləməsinə icazə vermək, gələcəkdə baş verə biləcək daha böyük və qəfil devalvasiya risklərinin qarşısını almaq məqsədi daşıyır.
Lirəni ucuzlaşdıran digər səbəb Türkiyədə inflyasiyanın hələ də çox yüksək olmasıdır. Noyabr ayı rəqəmlərinə görə, Türkiyədə illik inflyasiya gözləntiləri aşaraq 29,77% səviyyəsinə yüksəlib. Xüsusilə ərzaq, nəqliyyat və mənzil xərclərindəki artım qiymətləri yuxarı itələyir.
Digər cari amil Türkiyə Mərkəzi Bankın uçot dərəcəsini azaltmasıdır. Oktyabrda Mərkəzi Bank iqtisadi aktivliyin zəifləməsini əsas gətirərək uçot dərəcəsini 100 baza bəndi azaldaraq 36%-ə endirib. İnflyasiya yüksələrkən faizlərin aşağı salınması milli valyutaya olan təzyiqi artırır və dolları cəlbedici edir.
Bununla bərabər ABŞ mərkəzi bankı da faizləri yüksək səviyyədə tutur. Bununla əlaqədar olaraq qlobal səviyyədə dollar möhkəmlənir ki, bu da Türkiyədə də hiss olunur.
Dinamikaya nəzər saldıqda görürük ki, lirə son bir ayda 1,8 faiz, son 6 ayda 11 faiz, son bir ildə isə 19 faiz ucuzlaşıb.
Lirədə ucuzlaşma qarşıdakı aylarda da davam edəcək.
Azərbaycanda da lirə ucuzlaşır. Mərkəzi Bankın məlumatına əsasən, bir lirə 0,034 manatdır. Başqa sözlə, 100 lirə almaq üçün 3,4 manat lazımdır. Bir il əvvəl Azərbaycanda 100 lirə 4,04 manata dəyişdirilirdi.