Bakı, 4 noyabr, AZƏRTAC Zəfərin il dönümünə həsr olunmuş tariximizin yaddaşını, hərb ənənələrini və qəhrəmanlıq səlnamələrini əks etdirən rəssam, heykəltaraş Natiq Camal Avşarın Xətai Sənət Mərkəzində “Atalardan oğullara hərb Sənəti” adlı sərgisi açılıb.Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sərgi tarixi şəxsiyyətlərin obrazlarını, müharibənin faciəvi səhnələrini və müasir hərb mövzusunu vahid ideya çərçivəsində birləşdirən bədii ekspozisiyanı əks etdirir.Təqdim olunan 30-dan çox əsərin süjet xəttində qədimdən bu günə xalqımızın hərb tarixində xüsusi yeri olmuş qəhrəmanlar, Birinci Qarabağ müharibəsinin döyüş səhnələri, həmçinin müasir hərb tariximizdə şücaəti ilə fərqlənmiş qazi və şəhid sərkərdələrin, milli qəhrəmanların portretləri yer alıb.