Deputat: "Gömrükçülər daha çox iqtisadi təhlükəsizliyə töhfə verməlidir"

Dövlət Gömrük Komitəsindən hər il büdcə proqnozunu artırmaq deyil, daha çox iqtisadi təhlükəsizliyə töhfə verməsi tələb edilməlidir.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.

Onun sözlərinə görə, büdcə paketində 2027-ci ildə dividend ödəyəcək dövlət qurumlarının və şirkətlərin sayının artması müsbət məqamdır: "Bu, eyni zamanda, maliyyə sisteminin şəffaflığını və səmərəliliyini göstərən xüsusi indikatorlardan biridir. Burada müzakirə olunan məsələlərdən biri də Dövlət Gömrük Komitəsinin büdcə qarşısındakı öhdəliyi idi. Lakin düşünürəm ki, biz Dövlət Gömrük Komitəsindən hər il büdcə proqnozunu artırmağı deyil, daha çox iqtisadi təhlükəsizliyə töhfə verməyi tələb etməliyik. Çünki Dövlət Gömrük Komitəsinin fəaliyyəti fiskal funksiyadan daha çox iqtisadi təhlükəsizliyin qorunması ilə bağlıdır. Buna görə də növbəti büdcə və fiskal yanaşmalarda məhz bu funksiyanın önə çəkilməsi daha məqsədəuyğun olardı. Çünki inkişaf etmiş ölkələrdə gömrük idarələrinin əsas funksiyası fiskal deyil, daxili iqtisadi təhlükəsizliyin qorunmasıdır".

Deputat qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsi dayanıqlığı baxımından fərqlənən büdcədir: "Bu baxımdan 2027-ci ilin büdcəsini müsbət qiymətləndirmək lazımdır. Xüsusilə nəzərə alsaq ki, 2027-ci ildə qeyri-neft-qaz sektorunun payında artım proqnozlaşdırılır. Eyni zamanda, Azərbaycan Dövlət Neft Fondundan transfertlərin azaldılması da iqtisadiyyatın şaxələbdirilməsi siyasətinin istiqamətlərinə tam uyğundur".

V.Bayramov vurğulayıb ki, makroiqtisadi qiymətləndirmə baxımından ən vacib məqamlardan biri proqnozların hazırlanmasında istifadə olunan metodologiya ilə bağlıdır.