Rumıniya sahillərində "Ayaz bəy" yedək gəmisi batıb.
Rumıniya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, gəmidə olan yeddi dənizçidən üçü xilas edilib, qalan dördü isə gəmini tərk etməkdən imtina edib. Bütün heyət Türkiyə vətəndaşlarından ibarət olub.
Hadisə, "Mentor" gəmisinin Türkiyəyə yedəklənməsi əməliyyatı zamanı baş verib. Əməliyyatda Türkiyə bayrağı altında üzən iki yedək gəmisi - "Ayaz bəy" və "Ramazan bəy" iştirak edib. Çətin hava şəraiti səbəbindən yedək kabelləri qırılıb və "Ayaz bəy" gəmisi "Mentor" gəmisi ilə toqquşub və batıb.
Xilasetmə əməliyyatını həyata keçirmək üçün Rumıniya agentlikləri, o cümlədən Daxili İşlər Nazirliyinin iki gəmisi səfərbər edilib. Rumıniya Dənizdə Xilasetmə Agentliyinə məxsus "Ares" axtarış-xilasetmə gəmisi də səylərə qoşulub. Dəniz Xilasetmə Koordinasiya Mərkəzi bütün əməliyyatları əlaqələndirib.
“Ayaz bəy” və “Ramazan bəy” böyük gəmilərin daşınmasında ixtisaslaşmış Türkiyə yedək gəmiləridir. Keçmişdə də bu cür əməliyyatlar zamanı yedək xəttinin qırılması halları qeydə alınıb.