Bu il Azərbaycanda bank sektorunun ümumi əməliyyat mənfəəti üzrə artım fonunda ən diqqətçəkən mənfi nəticə "Xalq Bank" ASC-də qeydə alınıb.
Bankın əməliyyat mənfəəti 2026-cı ilin ilk doqquz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 44,7% azalaraq 33,3 milyon manata düşüb.
Hesablamalara görə, ötən ilin müvafiq dövründə bankın əməliyyat mənfəəti 60,1 milyon manat olub. Beləliklə, bir il ərzində təxminən 26,9 milyon manatlıq azalma baş verib.
"Xalq Bank" həm faiz, həm də mütləq məbləğ baxımından əməliyyat mənfəəti ən çox azalan bank olub.
Bankın əvvəlki maliyyə hesabatlarının təhlili də onun fəaliyyətində bir sıra mənfi meyilləri üzə çıxarır. Belə ki, 2026-cı ilin yanvar–sentyabr aylarında Xalq Bankın faiz gəlirləri 7,3%, qeyri-faiz gəlirləri isə 20,9% azalıb. Eyni zamanda qeyri-faiz xərcləri 17,8% artıb.
Bankın xalis mənfəəti də 53,3% azalaraq 24,1 milyon manata düşüb.
Bununla yanaşı, Xalq Bankın depozit portfeli ilin əvvəlindən 322,8 milyon manat və ya 16,8% kiçilib.
Beləliklə, bankın əməliyyat mənfəətindəki azalma gəlirlərinin zəifləməsi və xərclərinin artması ilə müşayiət olunub. Depozit portfelindəki azalma isə bankın maliyyələşmə strukturunda da dəyişiklik baş verdiyini göstərir. Xatırladaq ki, “Xalq Bank” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 477 milyon manatdır. Bankın səhmdarları “İdeal Biznes Ko” MMC (50%), “Yevro Standart” MMC (33,85%) və “Foton” MMC-dir (16,15%)