Azərbaycanda qarajların satış və kirayə qiymətlərində artım qeydə alınıb. Oktyabr ayında qarajların kirayə təklifləri 20%, satış qiymətləri isə 16,7% bahalaşıb. Bakıda küçə parklanmasının ödənişli sistemlə tənzimlənməsi fonunda şəxsi qarajların və avtomobil saxlama yerlərinin iqtisadi əhəmiyyəti də diqqət çəkir.
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin oktyabr ayı üzrə hesabatına əsasən, qarajların bir kvadratmetrinin median aylıq kirayə qiyməti sentyabrdakı 8,33 manatdan 10 manata yüksəlib.
Bu, aylıq müqayisədə 20% artım deməkdir. Qarajların kirayə indeksi isə 149,9 bənd təşkil edib. İyul 2026-cı ilin baza dövrü ilə müqayisədə qiymət səviyyəsi 49,9% yüksəkdir.
Oktyabrda qarajların median aylıq kirayə haqqı 200 manat olub.
Satış bazarında da artım qeydə alınıb. Qarajların kvadratmetr üzrə median satış qiyməti sentyabrdakı 1 200 manatdan oktyabrda 1 400 manata yüksəlib. Aylıq bahalaşma 16,7% təşkil edib.
Qarajların median ümumi satış təklifi 33 min manat, median sahəsi isə 21,3 kvadratmetr olub. Satış indeksi 109,5 bəndə çataraq 2025-ci ilin dekabr ayındakı baza göstəricisini 9,5% üstələyib.