Baş nazir Əli Əsədov Bakıda keçirilən yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI və qadınlar arasında XII dünya çempionatı çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Nümayəndə heyətinə Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri, Belarus Respublikasının fövqəladə hallar naziri, Özbəkistan Respublikası fövqəladə hallar nazirinin birinci müavini, Qırğız Respublikası fövqəladə hallar nazirinin müavini, həmçinin Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti daxildir.
Görüşdə yanğın-xilasetmə idmanı üzrə dünya çempionatının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb. Yarışın bu idman növünün inkişafına və iştirakçı ölkələr arasında peşəkar təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, o cümlədən yanğın təhlükəsizliyinin təmin edilməsi, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və peşəkar kadr hazırlığı istiqamətində görülən işlərdən bəhs olunub.
Görüşdə yanğın-xilasetmə idmanının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib.