Azərbaycanda noyabrın 5-dən 9-u axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5–10 dərəcə enəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur.
Rayonlarda isə noyabrın 5-i günün ikinci yarısından şimal və qərb bölgələrindən başlayaraq hava şəraiti qeyri-sabit keçəcək. Ayrı-ayrı yerlərdə intensiv leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Noyabrın 5-i axşam və 6-sı gecə yağıntıların bir qədər güclənəcəyi ehtimal olunur.
Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna edilmir.