Bakı, 4 oktyabr, AZƏRTAC Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri professor Rza Mahmudovun rəhbərliyi ilə “Azərbaycanın hidroqrafik xüsusiyyətləri” adlı monoqrafiya nəşr olunub. AZƏRTAC xəbər verir ki, kitabın həmmüəllifləri şöbənin əməkdaşları Ziyafət Ağayev və Mövlud Teymurovdur. Kitabın elmi redaktoru coğrafiya elmləri doktoru, professor Fərda İmanov, rəyçiləri isə coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər Rafiq Verdiyev və Rəşail İsmayılovdur. Monoqrafiyada Azərbaycanın bütün səth su obyektlərinin, o cümlədən çayların, göllərin və su anbarlarının hidromorfometrik göstəriciləri və rejim xüsusiyyətləri ayrı-ayrı regionlar üzrə araşdırılıb. Tədqiqatlar 2025-ci ilədək olan bütün müşahidə dövrünü əhatə edir. Kitabın müəllifi Rza Mahmudov bildirib ki, 450 səhifədən ibarət olan nəşr bu sahədə ölkəmizdə hazırlanmış ilk fundamental monoqrafiyadır. Azərbaycandakı bütün su obyektləri monoqrafiyada əhatəli şəkildə öz əksini tapıb. Transsərhəd su obyektlərinə isə ayrıca fəsil həsr olunub. Nəşr müasir dövrün tələblərinə uyğun hazırlanıb və müvafiq dövlət qurumlarının əməkdaşları, mütəxəssislər, alimlər və magistrantlar üçün dəyərli elmi mənbə hesab edilir.
Azərbaycanın su obyektlərinin hidroqrafik xüsusiyyətləri araşdırılıb
Mənbə: azertag.az/xeber/azerbaycanin_su_obyektlerinin_hidroqrafik_xususiyyetleri_arasdirilib-4494528