UEFA Çempionlar Liqasının Liqa mərhələsində Norveç təmsilçisi "Vikinq"lə üz-üzə gələcək "Sabah" komandası qarşısındakı maneələri tez dəf edəcəyi təqdirdə uğurlu nəticə qazana bilər.
Bunu açıqlamasında futbol mütəxəssisi Elmar Baxşıyev deyib.
O, rəqibin gücünü və Norveç futbolunun inkişafını önə çəkib:
"Bugünkü qarşılaşmanı hamı səbirsizliklə gözləyir. Qiymətləndirmə aparsaq, hər kəsin bu komanda ilə oyunda xal və ya xallar qazanmaq haqqında düşündüyünü görərik. Digər rəqiblərə nəzər yetirdikdə, "Vikinq" adlı-sanlı görünməyə bilər. Lakin Norveç klublarının son illərdə, xüsusən də "Budyo-Qlimt"in göstərdiyi nəticələr bu ölkə futbolunun inkişaf dövrünü yaşadığından xəbər verir. Ölkəsinin son çempionu olduğundan rəqibi çətin komanda adlandıra bilərik".
Mütəxəssis rəqibin oyun üslubunu və yaradacağı çətinlikləri də vurğulayıb:
"Evdə "Bavariya" ilə bərabərlik "Vikinq"in adlı-sanlı rəqiblərə də başağrı yaradacaq gücdə olduğunu göstərir. Heyətin böyük hissəsi norveçlilərdən ibarətdir. Bir oyunlarını izləmişdim, komandanın hücuma çox tez çıxdığı, öndə təhlükəli və yaradıcı olduğu görünürdü. Onlar azarkeş dəstəyi, süni örtüklü meydan və ən əsası soyuq iqlim ilə rəqiblərə çətinlik yaşadırlar. "Sabah" qarşısındakı bu maneələri dəf etsə, uğurlu nəticə qazana bilər".
Qeyd edək ki, "Vikinq" - "Sabah" qarşılaşması bu gecə, Bakı vaxtı ilə saat 00:00-da Stavanger şəhərində start götürəcək.