Qax, 4 noyabr, AZƏRTAC Qaxın İçəribazar məhəlləsi keçmişdə olduğu kimi bu gün də insanların ən çox üz tutduğu, müraciət etdiyi məkanlardan biridir. Bu qədim tarixi məhəllədə sənətkarların emalatxanaları, sərgi zalları fəaliyyət göstərir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onların sırasında 44 günlük Vətən Müharibəsinin şəhid-kapitanı Fərid Dursunovun həyat yoldaşı Məryəm Dursunovanın da çalışdığı bir məkan-qalereya var. Özünün də dediyi kimi, bura onun sönmüş ocağının yenidən işıqlandığı məkandır.Artıq bir neçə aydır ki, Məryəm səhər tezdən bu məkana gəlir, qapını açan kimi ilk işi isə onu yenidən həyata bağlayan və öz əlləri ilə hazırladığı şamları alışdırmaq olur. “Fəriddən sonra çox çətin idi. Demək olar ki, həyatım alt-üst olmuşdu. İki balamı bəzən unudurdum. Şükürlər olsun ki, özümü cəmləyə bildim. Burada olanlar da öz düşüncəmin məhsuludur. Fəriddən sonra ocağımızın söndüyünü düşünürdüm. O ocağa bir işıq, istilik, bir çıraq olsun deyə, belə şamlar hazırlamaqla məşğul olmağa başladım. Bu 6 il ərzində mənə mənəvi rahatlığı verən bir iş oldu” - deyə bizimlə söhbətə başlayan Məryəm ətrafı səliqə-sahmana salır, eyni zamanda, bizi məlumatlandırmağa çalışırdı. İçəribazardakı emalatxana Məryəm evindən sonra ən çox vaxt keçirdiyi, rahatlıq tapdığı bir məkan olub. O, burada öz dünyasını yaşayır, yaradıcılığını inkişaf etdirir, yeni əl işləri hazırlayır. Özü haqda danışmağı sevməsə də, şəhid həyat yoldaşı fikirlərini bölüşür: “Fərid hərbçi olsa da, futbol həvəskarı idı və Türkiyənin “Qalatasaray” komandasına azrkeşlik edirdi. Döyüşlərdən birində yaralanır və son nəfəsində vəsiyyət edir ki, onun məzarı başında Azərbaycanın üçrəngli bayrağı ilə yanaşı, həm də Qalatasarayın bayrağını dalğalandırılsın. Şəhidin vəsiyyətinə tam əməl olunur”. Hələ uşaqlıq, məktəb illərində qara qələmlə işləməyi sevən Məryəm müxtəlif rəsmlər çəkib, tullantılardan bəzək əşyaları hazırlayıb. Eyni zamanda, yaxşı toxumağı da öyrənərək sinif yoldaşlarına örnək olub. Orta ixtisas təhsili alarkən də kollecin həyatında fəal iştirak edib. Onun rəsmləri, əl işləri stendlərdə nümayiş etdirilib. Fəridlə ailə qurandan sonra bu işlərə bir müddət fasilə verib. İki oğul övladının tərbiyəsinə daha çox vaxt ayırıb. “Hərbçi xanımı olmaq çətin və məsuliyyətli bir işdir”, - deyən müsahibim əlavə edir ki, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi və Fəridin qəhrəmancasına şəhid olması onun da həyatını kökündən dəyişib. Onun üçün ayrılan məkan ilk baxışdan balaca görünsə də, bu emalatxana Məryəmin iç dünyasının zənginliyindən, rəngarəngliyindən xəbər verir. Deyir ki, hər bir əl işini sevərək. ürəkdən hazırlayır. “Əl işlərimin hər birində bir kompozisiya yaratmağa çalışmışam. Məsələn bu nar, bizim simvollarımızdan biridir, birlik və bərabərliyin rəmzidir. Ətri və görünüşü ilə də xoş təsir bağşlayır. Bu isə payız kompozisiyasıdır. Burada saralmış bir ağacdır. Payızda ağaclarda bir neçə rəng olur, qırmızı, sarı və yaşıl. Və altına tökülmüş yarpaqlarıdır. Burada taxta fitildən istifadə etmişəm. Onun yanması sanki insana mənəvi sakitlik verir” deyir. Məryəm əl işlərində balacaları da unutmadığını bildirir. Onların zövqünü oxaşayan müxtəlif cür sabunlar hazırlayır. “Bura uşaqların ən çox sevdiyi bir yerə çevrilib. Sərgi və festivallarda da stendlərin qarşısında daha çox uşaqlar olur. Valideynlər deyirlər ki, indi uşaqlar belə bəzəkli sabunlara görə daha çox əl-üz yuyur, təmizliyə daha çox riayət edirlər. Bu məhsulların hamısı təbii tərkiblidir, heç bir kimyəvi qatısı yoxdur”, - deyə o qeyd edir. Cəmi aylar əvvəl bu sənətin sirlərinə yiyələnməyə başlayan şəhid xanımı artıq bir neçə sərgi və festivallarda iştirak edib. Uğurları, insanların diqqət və qayğısı ona işində daha məsuliyyətli olmağa çağırır. Sonda onu da öyrənirik ki, Məryəm bu il ali məktəblərdən birinə daxil olub və tələbə adını qazanmaqla həyat yoldaşının da arzusunu çin edib. O deyir ki, məhz bu məkanda yandırdığı çıraqların şöləsində özünə inam, güvən qazanaraq bu addımı atmağı bacarıb. Hazırda isə Məryəm Dursunova yeni əl işləri üzərində çalışır və növbəti sərgi-festivallara hazırlaşır.
Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ
Mənbə: azertag.az/xeber/sehid_xanimi_bu_senetle_sonmus_ocagimin_isigini_yandirmis_oldum__reportaj-4494174