Bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün 2027-ci ilin dövlət büdcəsi layihəsində "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə 17,5 milyon manat məbləğində subsidiya proqnozlaşdırılır.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
İstilik təchizatı üzrə göstərilən xidmətlərə görə satış tarifinin məhsulun maya dəyərindən aşağı olması hesabıng yaranmış zərərin örtülməsi üçün isə "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə növbəti il üçün 33,8 milyon manat məbləğində subsidiya nəzərdə tutulub.
Bundan əlavə, 2027-ci il dövlət büdcəsində mənzil və kommunal xərcləri üçün 335,2 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Mənzil və kommunal xərcləri üzrə ayrılmış vəsaitin 132,5 milyon manatı və ya 39,5 faizi kommunal təsərrüfatına, 60 milyon manatı və ya 17,9 faizi mənzil təsərrüfatına, 15,7 milyon manatı və ya 4,7 faizi su təsərrüfatına, 6,3 milyon manatı və ya 1,9 faizi lift təsərrüfatına, 120,7 milyon manatı və ya 36,0 faizi mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xərclərə yönəldiləcək.