Azərbaycanın əsas neft və qaz ixrac infrastrukturlarından biri olan Səngəçal terminalından 2026-cı ilin ilk doqquz ayında neft və kondensat ixracı illik müqayisədə 13,2% azalıb. Eyni zamanda terminaldan göndərilən gündəlik təbii qazın həcmində də azalma qeydə alınıb.
Böyük Britaniyanın enerji sektorunda fəaliyyət göstərən “bp” şirkətinin məlumatına əsasən, 2026-cı ilin yanvar–sentyabr aylarında Səngəçal terminalından 138 milyon barel neft və kondensat ixrac edilib.
Ötən ilin müvafiq dövründə bu göstərici 159 milyon barel təşkil edirdi. Beləliklə, terminaldan ixrac olunan neft və kondensatın həcmi bir ildə 21 milyon barel və ya 13,2% azalıb.
Hesablamalara əsasən, terminaldan gündəlik orta neft və kondensat ixracı 2025-ci ilin ilk doqquz ayında təxminən 582 min barel olduğu halda, 2026-cı ilin eyni dövründə 505 min barelə enib. Bu isə gündəlik təxminən 77 min barel azalma deməkdir.
Qeyd edək ki, terminaldan ixrac edilən neft və kondensatın bütün həcmi Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə nəql olunub.
Qazının göndərilməsi də azalıb
Səngəçal terminalından göndərilən “Şahdəniz” qazının həcmində də illik azalma müşahidə olunub.
2026-cı ilin ilk doqquz ayında terminaldan gündəlik orta hesabla 73,4 milyon standart kubmetr qaz göndərilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 74,5 milyon kubmetr idi.
Beləliklə, gündəlik qaz göndərişi 1,1 milyon kubmetr və ya təxminən 1,5% azalıb.
Hesablamalara görə, ilk doqquz ayda terminaldan göndərilən “Şahdəniz” qazının ümumi həcmi təxminən 20 milyard kubmetr təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici təxminən 20,3 milyard kubmetr olub.
Hazırda Səngəçal terminalının texniki emal gücü gündəlik 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üzrə isə 81 milyon standart kubmetr təşkil edir. AÇG yatağından hasil edilən səmt qazı da nəzərə alındıqda terminalın ümumi qaz emalı və ixrac gücü gündəlik təxminən 100 milyon kubmetrə çatır.
Neft və qaz ixracının azalması fonunda Səngəçal terminalında enerji təchizatının modernləşdirilməsi istiqamətində işlər davam etdirilir.
“bp”nin məlumatına əsasən, 230 milyon dollar dəyərində olan Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi 2026-cı ilin sentyabr ayının sonuna 90% tamamlanıb.
Layihə çərçivəsində terminalın dövlət elektrik şəbəkəsinə qoşulması nəzərdə tutulur. Bunun üçün yeni elektrik infrastrukturu yaradılır, mövcud enerji təchizatı sistemləri modernləşdirilir.
Layihənin birinci mərhələsinin 2027-ci ilin ortalarında, ikinci mərhələsinin isə 2028-ci ilin sonunadək tamamlanması planlaşdırılır.
Elektrikləşdirmə layihəsi Cəbrayıl rayonunda inşa edilən 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası ilə əlaqələndirilib. Yeni kommersiya mexanizminə əsasən, stansiyada istehsal olunan elektrik enerjisi dövlət şəbəkəsinə veriləcək və eyni həcmdə elektrik enerjisi Səngəçal terminalına ötürüləcək.
“bp”nin proqnozlarına görə, hər iki layihə birlikdə gələcəkdə terminalın əməliyyatlarından yaranan karbon emissiyalarının təxminən 50% azaldılmasına imkan yaradacaq.
Hazırda Səngəçal terminalı öz elektrik enerjisi ehtiyaclarını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir.
Elektrikləşdirmədən sonra bu turbinlərin mərhələli şəkildə istismardan çıxarılması nəzərdə tutulur. Nəticədə, indiyədək elektrik enerjisi istehsalı üçün sərf olunan təbii qazın bir hissəsinin ixraca yönəldilməsi mümkün olacaq.