Azərbaycan 2027–2030-cu illərdə informasiya və rabitə sektorunda ortaillik artımın 11%-dən yüksək olacağını proqnozlaşdırır. Bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elnur Camalov bildirib.
Onun sözlərinə görə, ortamüddətli dövrdə qeyri-neft-qaz sənayesində ortaillik artımın 7%-dən, turizmdə 8%-dən yüksək, nəqliyyatda təxminən 5%, kənd təsərrüfatında isə 2,8% olacağı gözlənilir.
Camalov bildirib ki, qeyri-neft-qaz sənayesi, informasiya və rabitə, turizm və nəqliyyat iqtisadi artımın əsas mənbələri olacaq.
Hökumət 2027-2030-cu illərdə ÜDM-in orta hesabla ildə 3,3%, qeyri-neft-qaz sektorunun isə 4,4% artacağını gözləyir.
Camalov xidmət ixracını iqtisadi siyasətin prioritetlərindən biri adlandırıb. Nəqliyyat-logistika, turizm və informasiya texnologiyaları ilə yanaşı, məlumat mərkəzləri də prioritet istiqamətlərə daxil edilib.
Onun sözlərinə görə, iqtisadi siyasət ixracın genişləndirilməsinə, özəl investisiyaların cəlbinə və regionların inkişafına yönələcək.