Özəl sektorda gəlir vergisi 5 faizə yüksələcək

2027-ci ildən qeyri-neft-qaz və qeyri-dövlət sektorunda muzdlu işdən gəlir vergisi dərəcəsinin 3 faizdən 5 faizə artırılması büdcə hesablamalarında nəzərə alınıb.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsində qeyd edilib.

Sənədə əsasən, gələn il fiziki şəxslərin gəlir vergisi üzrə büdcəyə 3 milyard 70 milyon manat daxil olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozundan 690,7 milyon manat və ya 29 faiz çoxdur.

Həmin vəsaitin 2 milyard 758,3 milyon manatının əməkhaqqından tutulan gəlir vergisinin, 311,7 milyon manatının isə sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir vergisinin payına düşəcəyi gözlənilir.

Artımın səbəbləri sırasında vergi dərəcəsinin yüksəlməsi ilə yanaşı, orta əməkhaqqının artması və büdcə təşkilatlarında aparılan əməkhaqqı islahatları da göstərilib.