Səudiyyə Ərəbistanının səfiri:

Səudiyyə Ərəbistanı “Adahi” proqramı çərçivəsində Azərbaycana 5 min heyvanın qurban ətini göndərib.

Bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli qurban ətinin paylanması zamanı jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, qurban ətinin paylanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir:

“Nazirlik ehtiyacı olan şəxslərin müəyyənləşdirilməsi və məhsulların ünvanlı şəkildə çatdırılması üçün müvafiq bazaya malik olduğundan, bu iş ona həvalə edilib”.

Diplomat qeyd edib ki, paylanma üçün seçilən ünvan da nazirliyin qərarı ilə müəyyənləşdirilib.

O, tədbirdə iştirak edənlərə təşəkkürünü bildirərək bu təşəbbüsün müsəlmanlar arasında qardaşlıq münasibətlərini möhkəmləndirdiyini vurğulayıb:

“Səudiyyə Ərəbistanı kralı və vəliəhdi bu məsələyə xüsusi diqqət ayırır. Azərbaycana göndərilən qurban əti iki ölkənin, eləcə də müxtəlif ölkələrin müsəlman icmaları arasında əlaqələrin göstəricisidir”.